
Azərbaycanda xırda xuliqanlıq anlayışı genişlənir.
MİNA tv.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitəsinin birgə iclası zamanı müzakirə edilib.
İnzibati Xətalar Məcəlləsində və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik ediləcək.Yeni dəyişikliyə əsasən cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər də "xırda xuliqanlıq" hesab ediləcək.
Sözügedən maddəyə əsasən, xırda xuliqanlığa görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
Qanun layihəsinə görə, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə ve ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına ve milli-mənəvi zidd formada göstərilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, otuz günədək müddətə inzibati həbs tətbiq olunur.
Həmin maddələrdə göstərilən əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.
Qeyd edilib ki, son zamanlarda kütləvi nümayiş etdirilməklə sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışların edilməsi ölkəmizdə geniş müşahidə olunur. Bu proses cəmiyyətə təsir edərək milli-mənəvi dəyərlərimizin deqradasiyasını sürətləndirir, xüsusilə yeniyetmə və gənclərə mənfi təsir göstərərək onların davranış modellərində dəyişiklik yaradır. Eyni zamanda, sosial şəbəkələrin istifadəçilərinin diqqətini daha çox cəlb edən paylaşımları önə çıxarmağa əsaslanan iş prinsipi bu cür qeyri-etik paylaşımları sürətlə daha geniş auditoriyaya çatdırır. Nəticədə, yaranan informasiya axını ictimai mənəviyyatımıza ciddi zərər vurur. Mövcud qanunvericilik yalnız müəyyən kateqoriya qadağan olunmuş məlumatlara görə məsuliyyət nəzərdə tutur. Mənəvi dəyərlərin qorunmasını təmin etmək, yeniyetmə və gənclərin zərərli informasiyadan müdafiəsini gücləndirmək, internet mühitində məsuliyyət mexanizmlərini dəqiqləşdirmək və mövcud tənzimləməni təkmilləşdirmək üçün yeni qanun layihəsinin hazırlanması zərurəti yaranıb.