Binalarda MKİS-lər tərəfindən pul yığılması tez-tez sakinlər arasında narazılıq yaradır. Lakin bu yığımlar yalnız qanuni çərçivədə, yəni sakinlərin razılığı və müqavilə əsasında həyata keçirilərsə, düzgün hesab olunur.
Bəs MKİS-lərin topladığı vəsaitin qanuni olub-olmadığını sakinlər necə müəyyən edə bilər?
Bu barədə vəkil Roman Qaraşov
minatv.az-a açıqlama verib. Onun sözlərinə görə, 2018-ci ildən etibarən vətəndaşların özəlləşdirdiyi binalarda MKİS-lərin pul yığmaq hüququ ləğv edilib.
“JEK” kimi tanınan Mənzil-Kommunal İstismar Sahələri (MKİS) illərdir fəaliyyət göstərsə də, bu qurumların hüquqi statusu və topladıqları vəsait mübahisə doğurur. Sovet dövründə yaradılan bu sistemin əsas məqsədi dövlət mənzil fonduna aid binaların idarə olunması, təmiri və kommunal xidmətlərlə təmin edilməsi idi. O zaman mənzillər dövlət mülkiyyətində olduğundan, MKİS-lərin fəaliyyəti əsaslı və qanuni sayılırdı.
“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla vətəndaşlara mənzillərini özəlləşdirmək imkanı verildi və həmin binaların mülkiyyətçilərinə çevrildilər. Beləliklə, MKİS-lərin bu binalar üzərindəki idarəetmə və yığım səlahiyyətləri aradan qalxdı. 2018-ci il 30 noyabr tarixində qanuna edilən dəyişikliklə bu proses rəsmiləşdirildi — vahid tarif əsasında xidmət haqqı yığımı ləğv edildi və MKİS-lərin vətəndaşlardan pul toplamaq hüququ qüvvədən düşdü.
Hazırda qüvvədə olan Mənzil Məcəlləsində MKİS anlayışı ümumiyyətlə yoxdur. Yəni qanunvericilik bu qurumların fəaliyyətini nəzərdə tutmur. Buna baxmayaraq, MKİS-lər bəzi şəhər və rayon icra hakimiyyətlərinin strukturunda fəaliyyətini davam etdirir və vətəndaşlardan “mənzil haqqı”, “zibil pulu” və digər adlar altında ödəniş tələb edirlər. Belə yığımlar heç bir hüquqi əsasa malik deyil və qanunsuz hesab olunur.