
MİNA tv.az xəbər verir ki, Parisdəki məşhur Luvr muzeyində ciddi texniki qəza baş verib. Misir Antikvarları Departamentinin kitabxanasında su sızması nəticəsində 300–400 arası nadir nəşr zədələnib. Bu barədə muzeyin baş administratorunun müavini Fransis Şteynbok məlumat verib.
Musavat.com bildirir ki, zərər görən materiallar arasında XIX əsrin sonu – XX əsrin əvvəlinə aid məcmuələr, elmi jurnallar və misirşünaslıq üzrə xüsusi tədqiqat sənədləri var. Bu nəşrlərdən hər gün alimlər və tədqiqatçılar istifadə edirmiş.
Hadisə 26 noyabr axşamı baş verib. Luvrun açıqlamasına görə, kitabxananın istilik və havalandırma sistemini idarə edən hidravlik şəbəkədə səhvən açılan klapan tavandakı borunun partlamasına səbəb olub. Şteynbok bunu “son dərəcə təəssüf doğuran” hadisə adlandıraraq bildirib ki, şəbəkə tamamilə köhnəlib və yalnız 2026-cı ilin sentyabrında yenilənə bilər.
Hazırda muzey daxilində daxili araşdırma aparılır və insan səhvlərini minimuma endirmək üçün təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi vurğulanıb.
Lakin qəza Luvr daxilində ciddi narazılıq yaradıb. CFDT-Culture həmkarlar ittifaqı sərt bəyanat yayaraq insidentin uzun müddətdir pisləşən infrastruktur problemlərini üzə çıxardığını bildirib:
“Kövrək infrastruktur, idarəetmədə şəffaflığın olmaması, iş şəraitinin ağırlaşması — kolleksiyanın qorunması və əməkdaşların, eləcə də ziyarətçilərin təhlükəsizliyi lazımi səviyyədə təmin edilmir”.
Qeyd edək ki, Luvr son aylarda ard-arda problemlərlə gündəmə gəlib: noyabrda binanın köhnəlməsi səbəbindən bir qalereya bağlanıb, 19 oktyabrda isə iri oğurluq hadisəsi qeydə alınıb. Muzey rəhbərliyi modernizasiya xərclərini qarşılamaq üçün 2026-cı ildən Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn turistlər üçün bilet qiymətlərini 45% artıracağını açıqlayıb.