Paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində, Qabil Süleymanov küçəsi – 2 ünvanında qanunsuz obyekt inşa olunur. Maraqlıdır ki, obyektin tikintisində Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (MKTB) fəhlələri çalışırlar. Hamıya bəlli edilir ki, obyekti MKTB inşa etdirir. Halbuki, rayonun başqa ərazilərində MKTB – nin birbaşa vəzifələrini yerinə yetirmək üçün işçi qüvvəsi çatışmır, yerlərdə görülən işlər xidmət haqqı ödəyən sakinləri qane eləmir.
O da aydındır ki, Binəqədi MKTB-nin rəisi Elmin Zamanov belə pozuntulara BŞİH-də Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Rafael Mehrəlıyevdən icazəsiz həyata keçirməyə cəsarət etməz. Əgər R.Mehrəliyevdən icazə və ya göstəriş alıbsa, daha Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Elxan Allahverdiyevlə hesablaşmasına ehtiyacı qalmaz. R.Mehrəliyevin ailə podratına məxsus inşaat firmalarının işlərini yerli icra hakimiyyətlərinin vəzifəli şəxslərinin əli ilə gördürməsi yenilik deyil. Məsələn, həyat yoldaşının təsisçi olduğu “Azinşaat 1” MMC-ni Elşən Həsənli adlı şəxs idarə edirdi və o, Sabunçu rayon İcra Hakimiyyətində vəzifə tuturdu. Həm adı çəkilən firma, həm də R.Mehrəliyevin ailə podratına məxsus “Ens İnşaat” MMC, “Rəşad Abadlıq” MMC işaaat materiallarının alınması, yolların və evlərin təmiri, şəhərin kommunal təsərrüfat işlərinin həyata keçirilməsində bütün tenderlərin qalibi olub. Belə olan halda Elmin Zamanovun Elşən Həsənovdan nəyi əskik və ya artıqdı ki, R.Mehrəliyevə “ləbbeyk” deməsin? Axı həm də Elminin ipi Elxandan daha çox məhz Rəfailin əlindədir. Xatırlayırsınızsa, bir müddət öncə Binəqədi rayon sakini olan bir qadınyaşadığı Biləcəri qəsəbəsi, Yahya Hüseynov küçəsində yerləşən yaşayış binasında liftin qapıları arasında qalaraq öldü. Yaşayış binasında baş vermiş ölüm hadisəsi ilə bağlı 107 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Rüfət Süleymanov tutduğu vəzifədən azad edildi və rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə aparılan araşdırmaya görə bir müddət vəzifəsindən kənarlaşdırıldı. Bu hadisədən sonra Elmin Zamanovun vəzifəsindən uzaqlaşdırılacağı gözlənilsə də, bir müddət sonra o yenidən Binəqədi rayon MKTB-nın rəhbərliyi vəzifəsinə qayıtdı. O vaxt söz gəzdi ki, Elminin işə qayıtması məhz departament rəhbərinin himayəsi sayəsində mümkün olub.
Azərbaycanda və ölkə xaricində dəyəri milyonlarla ölçülən əmlaka və yaxın qohumlarının idarəetməsinə verdiyi bizneslərə malik R.Mehrəliyevə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun da gücü çatan deyil. Çünki əvvəlki himayədarı Eldar Mahmudovun “MTN imperiyası” yıxılandan sonra R.Mehrəliyev PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin qucağına atıldı və “boz kardinal” administrasiyadakı görəvindən alınıb AMEA-da işlədiyi dönəmdə də ona sədaqətini əsirgəmədi. Söz yox, R.Mehdiyevlə bağlı son olaylar bəlkə də Bakı merini departament rəhbərinin üstünə yürüməyə cəsarətləndirə bilərdi. Amma məsələ burasıdır ki, E.Əzizov özü də Mehdiyevin 50 nəfərlik siyahısında adının çıxmayacağına əmin deyildir. Yaxşı bilir ki, hələlik belə situasiyada Mehrəliyev kimi bir nəhənglə qovğa açmaq yaxşı nəticələnməz.
Gözləyək, o siyahıdakı adlar hələ tamn açıqlanmayıb.
Nyus.Az