![]()
Rusiyanın Şərq İkinci Dairə Hərbi Məhkəməsi Dövlət Dumasının eks-deputatı İlya Ponomaryovu “terrorizmə çağırış” işi üzrə qiyabi şəkildə 12 il müddətinə azadlıqdan məhrum edib.
MİNA tv.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
Ponomaryov internetdə ictimai şəkildə terrorizmə çağırış və “xarici agentlər” haqqında qanunun tələblərini pozma maddələri üzrə təqsirli bilinib.
İttihama əsasən, hökmün verilməsinə səbəb siyasətçinin 2023-cü ilin martında dərc etdiyi videoçarx olub. İstintaq iddia edirdi ki, həmin videoda Ponomaryov Bryansk vilayətində silahlı reyd həyata keçirən “Rus Könüllülər Korpusu”nun fəaliyyətinə müsbət qiymət verib və insanları bu birliyə qoşulmağa çağırıb.
Ayrı bir epizodu isə siyasətçinin “xarici agent” reyestrinə daxil edilməsinə dair icbari qeyd olmadan yayımladığı iki teleqram postu təşkil edib.
2024-cü ilin sentyabrında Ponomaryova çıxarılan hökm də nəzərə alınmaqla, məhkəmə ona ümumi rejimli koloniyada 12 il azadlıqdan məhrumetmə cəzası təyin edib.
Qeyd edək ki, siyasətçi artıq bir neçə ildir Rusiyadan kənarda yaşayır və onun barəsindəki cinayət işləri qiyabi qaydada araşdırılır.