
Xəbər verdiyimiz kimi Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində ağır faciə baş verib. 13 yaşlı yeniyetmə qızın meyiti axşam saatlarında valideynləri tərəfindən mənzildə aşkarlanıb. Ailə üzvlərinin bildirdiyinə görə, yeniyetmə son günlər gecə saatlarında telefonda qorxulu və psixoloji təsir göstərən videolara baxırmış.
Hadisədən sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səslənib. Bəziləri günahı telefonlarda, internetdə və sosial media platformalarında görür. Lakin psixoloqlar bu yanaşmanın problemin yalnız bir tərəfini əhatə etdiyini bildirirlər.
Mütəxəssislər hesab edir ki, əsas məsələ texnologiya deyil, valideynlə övlad arasındakı psixoloji məsafənin yaranmasıdır. Onların fikrincə, uşaqların internetdə nə izlədiyinə nəzarət qədər, onların daxili vəziyyəti, qorxuları, narahatlıqları və emosional ehtiyacları ilə maraqlanmaq daha vacibdir.
Psixoloqlar xəbərdarlıq edərək bildirir ki, uşaq və yeniyetmələr təkcə texniki nəzarətə deyil, emosional dəstəyə ehtiyac duyurlar. Əgər övlad öz problemlərini valideynlə bölüşmürsə, telefonun məhdudlaşdırılması problemi həll etmir.
Bunun adı mədəniyyətsizlik, tərbiyəsizlikdir" - Azad İsazadə Yeni Sabah
Mövzu ilə bağlı tanınmış psixoloq Azad İsazadə Musavat.com-a danışıb:
“Sözsüz ki, bu gün internet resurslarında hamımız müxtəlif istiqamətli, çoxşaxəli informasiya axını ilə üz-üzəyik. Bu, artıq müasir dövrün, 21-ci əsrin dəyişməz reallığıdır və bundan tamamilə qaçmaq mümkün deyil. Lakin burada əsas məsələ ondan ibarətdir ki, biz öz emosional sferamızı, xüsusilə də uşaqların emosional-psixoloji dünyasını düzgün şəkildə qorumalıyıq. Bunun üçün isə ilk növbədə nəzarət lazımdır. Amma təkcə nəzarət kifayət etmir, mütləq şəkildə izahat da verilməlidir.
Uşaqlar çox tez təsir altına düşə bilirlər və emosional cəhətdən daha həssas olduqları üçün gördüklərinə inanmağa meyllidirlər. Onlara izah etmək lazımdır ki, hansı məzmun təhlükəlidir, hansı zərərsizdir, nəyin real, nəyin isə sadəcə film və ya qurgu olduğunu anlamalıdırlar. Uşaqlar internetdə nəyə baxır, hansı videoları izləyir - valideynlər tam şəkildə hər addımı nəzarət etməsə də, ən azı məlumatlı olmalıdır. Uşaq da bilməlidir ki, istənilən vaxt gördüyü, onu narahat edən hər şeyi valideyni ilə müzakirə edə bilər. Çünki əgər valideyn sadəcə qadağa qoyursa, uşaq həmin məzmunu yenə də tapacaq, sadəcə bunu valideynindən gizlədəcək. Ona görə də ilkin addım açıq ünsiyyət, inam və düzgün izahatdır.
Əlbəttə, son baş verən hadisə ilə bağlı konkret fikir bildirmək çətindir, çünki istintaq gedir. Ola bilər ki, həmin yeniyetmədə depressiya olub, ola bilər ki, tam fərqli səbəblər mövcuddur. Bu məsələlər ancaq araşdırmadan sonra dəqiqləşə bilər. Amma əgər söhbət sırf internet resurslarının təsirindən gedirsə, deməliyəm ki, burada həm mənfi məzmun çoxdur, həm də müsbət. Hər şey ondan asılıdır ki, istifadəçi interneti hansı məqsədlə istifadə edir.
Məsələn, internet dərslərə böyük dəstək ola bilər, uşaqlar məlumatı daha tez tapır, öyrənmə prosesini asanlaşdırır. Yəni problem internetin özündə deyil, ondan necə və nə məqsədlə istifadə olunmasındadır. Məhz bu səbəbdən valideyn nəzarəti, maarifləndirmə və davamlı ünsiyyət uşaqlarla işin ən vacib hissəsidir”.