Abşeron rayonu, Güzdək qəsəbəsinin 26 nəfərdən ibarət bir qrup sakinləri MİNA tv.az saytına ərizə ilə müraciət edərək, yaşayış evlərinin lap qonşuluğunda yerləşən 50 hektara yaxın otlaq sahəsinin Xəlilov Tural və Eldar qardaşlarının zəbt etmələrindən, daş karyeri yaratmaqla qanunsuz sahibkarlıq fəaliyyətilə məşğul olmalarından, eləcə də sakinlərin kəskin etirazlarına baxmayaraq sözügedən ərazilərin aid olduğu Qobu Bələdiyyəsi sədrinin və Abşeron Rayon İcra Hakimiyyətinin Güzdək qəsəbəsi üzrə nümayəndəsinin bu qanunsuzluğun qarşısının alınmasında nədənsə acizlik göstərmələrindən şikayətlənir və bu məsələni saytımızda ictimailəşdirməklə ölkə rəhbərliyinə və əlaqədar dövlət orqanlarına məlumat verməyimizi xahiş ediblər.
Məsələ ilə əlaqədar tərəfimizdən araşdırma apararkən şikayət ərizəsində göstərilənlərdən əlavə faktlar da ortaya çıxdı. Belə ki, qəsəbə sakinləri tərəfindən hadisə yerindən çəkilmiş və redaksiyamıza təqdim edilmiş video görüntülər də təsdiqləyir ki, sözügedən mübahisəli ərazidə aparılan torpaq işləri və daş kəsilməsi zamanı küləyin havaya sovurduğu qalın toz buludu yaşayış evlərinin üzərinə səpələnir, insanları təmiz havadan məhrum etməklə sağlamlıqlarına təhlükə yaradır və həyatı dözülməz həddə çatdırır. Üstəlik zəbt edilmiş otlaq sahəsində süni şəkildə yaradılmış “daş karyeri”nin üzərindən keçən yüz on min voltluq elektrik xətti qanunsuz sahibkarlıqla məşğul olanların özləri üçün də böyük təhlükə mənbəyidir.
Problemlə əlaqədar cavabdehlik daşıyan Abşeron RİH-nin Güzdək qəsəbəsi üzrə İcra Nümayəndəsi Fəxrəddin Orucovla və Qobu Bələdiyyəsinin sədri Araz Nəcəfovla əlaqə saxlayıb münasibətlərini öyrəndik. F.Orucov faktları təsdiq edərək bildirdi ki, “Xəlilov qardaşları nəinki məni eşitmirlər, hətta mənə əl-qol atmaqdan da çəkinmirlər. Üstəlik, faktla əlaqədar Qobu Bələdiyyəsinin sədrinə məktub yazsam da, heç bir tədbir görülmür”. Qobu Bələdiyyəsinin sədri Araz Nəcəfov da faktların doğruluğunu təsdiqləyərək bildirdi ki, “Tural Xəlilovun sözügedən qanunsuz əməlləri barədə aidiyyəti yuxarı dövlət və hüquq mühafizə orqanlarına tərəfimizdən məlumat verilib. Yəqin ki, vaxtı çatanda qanun pozucusununu əməlləri barədə qanuni tədbir görüləcək”. Abşeron rayon Elektrik Şəbəkəsinə etdiyimiz zənglər isə cavabsız qaldı...
P.S. MİNA tv.az saytı da Güzdək qəsəbə sakinlərinin şikayət ərizəsini qanuni tədbir görülməsi məqsədilə ölkə rəhbərliyi başda olmaqla, daha beş aidiyyəti dövlət orqanına ünvanlamışıq ki, vətəndaşların tapdalanmış hüquqları bərpa edilsin. Dahilərin dediyi kimi, hər şeyin zamana ehtiyacı var. Yəqin ki, tezliklə qanuni tədbir görülər və hüquq pozucuları haqq etdikləri cəzaya layiq görülər.
MİNA tv.az-ın Araşdırma Bürosu