
Astarada dənizdə itkin düşən iki balıqçı – Turan və Ağadədə Həsənovların axtarışı davam etdirilir. Onların tapılması ilə bağlı yayılan məlumatlar isə qohumlar tərəfindən təkzib olunub.
hedeftv.az xəbər verir ki, Ağadədə Həsənovun əmisi Sübhan Həsənov cənublu.az- açıqlamasında mediada yayılan balıqçıların tapılması xəbərlərinin yalan olduğunu bildirib.
“Bizdə onların tapılması barədə heç bir məlumat yoxdur. Bu xəbərləri yayan saytların məqsədi axtarışları dayandırmaqdır. Aidiyyəti qurumların nümayəndələri indicə yanımızda idilər. Onlara da bildirdik ki, axtarışı dayandırmasınlar, davam etdirsinlər. Axtarışlarla bağlı bizdən başqa heç kimə inanmasınlar. İranın yük gəmisinin onları götürməsi barədə xəbəri də biz mediadan eşitdik. Bu da yalan məlumatdır”, – Sübhan Həsənov deyib.
O əlavə edib ki, ailə dövlət qurumlarından xahiş edir ki, İran və digər qonşu ölkələrlə əlaqə yaradaraq, axtarış tədbirlərini genişləndirsin.
Qeyd edək ki, Astarada dənizdə itkin düşən 28 yaşlı Turan Həsənov və 26 yaşlı Ağadədə Həsənov qohumdurlar.