Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi 8 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının birinci mərtəbə mənzilinin sahibi binanın arxa hissəsi ilə magistral yol arasında yerləşən ümumi istifadədə olan torpaq sahəsini qanunsuz şəkildə zəbt edib. Sözügedən şəxs 40 kvadrat metrdən artıq ərazini betonlamaqla faktiki olaraq mənimsəməyə cəhd göstərib.
Video görüntülərdən də açıq şəkildə görünür ki, ərazidə mövcud olan iki iri gövdəli ağacın kök hissəsinə beton tökülərək onların inkişafı qəsdən məhdudlaşdırılıb, bu isə ekoloji qanunvericiliyin kobud şəkildə pozulması kimi qiymətləndirilir.
Məsələ ilə bağlı əraziyə baxış keçirən ekologiya qurumunun nümayəndəsi vətəndaşa inzibati xəta törətdiyini bildirib və rəsmi xəbərdarlıq edib. Lakin edilən xəbərdarlığa baxmayaraq, qanunazidd əməllər davam etdirilib, daha sonra isə ağacların dibinə tökülən beton torpaqla örtülərək izlərin gizlədilməsinə cəhd göstərilib. Bu fakt artıq sadəcə özbaşınalıq deyil, qanun tələblərinin açıq-aşkar saya salınmaması kimi dəyərləndirilir.
Redaksiyamızın ünvanladığı rəsmi sorğuya cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin strukturuna daxil olan Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən operativ reaksiya verilib və əməkdaşların müdaxiləsi nəticəsində özbaşına aparılan tikinti işlərinin qarşısı alınıb. Aidiyyəti dövlət qurumları tərəfindən qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlərin görüldüyü bildirilib.
Lakin bütün bu proseslər fonunda ən diqqətçəkən və narahatedici məqam Binəqədi Rayon İcra Hakimiyyətinin məsələ ilə bağlı hələ də susqunluq nümayiş etdirməsidir. Ərazinin ümumi istifadədə olmasına, yaşıllıqların məhv edilməsi faktına və dövlət qurumlarının müdaxiləsinə baxmayaraq, yerli icra hakimiyyəti tərəfindən nə ictimaiyyətə açıqlama verilib, nə də görülən tədbirlərlə bağlı məlumat təqdim olunub.
Bu susqunluq haqlı olaraq suallar doğurur:
Ümumi torpaq sahələrinin qanunsuz zəbt edilməsinə kim nəzarət etməlidir? Yaşıllıqların məhv edilməsi faktı niyə yerli icra hakimiyyətinin diqqətindən kənarda qalır? Və ən əsası, icra hakimiyyəti baş verənlərə niyə münasibət bildirmir?
Qanunvericiliyə əsasən, ümumi istifadədə olan ərazilərin zəbt edilməsi, yaşıllıqlara zərər vurulması və özbaşına tikinti işləri inzibati və bəzi hallarda cinayət məsuliyyəti yaradan əməllərdir. Bu baxımdan məsələ ilə bağlı icra hakimiyyətinin mövqeyinin açıqlanması, görülən tədbirlərin ictimaiyyətə təqdim edilməsi və məsul şəxslərin müəyyən edilərək cəzalandırılması zəruridir.(BakuNews.az)
Redaksiyamız mövzunu diqqətdə saxlayır və Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi mövqeyini dərc etməyə hazırdır.