Anar Əlizadə dosyasına giriş
İyulun 6-da Prezident İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirdiyi videoformatda müşavirədə dövlət şirkətlərinin Azərbaycan iqtisadiyyatı üçün nə qədər ağır yük olmasından danışmışdı. O, çıxışında AZAL, Azərişıq, Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan Dəmir Yolları kimi şirkətlərlə yanaşı, SOCAR-ın da adını çəkmişdi. Ölkə rəhbərinin ən çox tənqid etdiyi də məhz sonuncu şirkət olmuşdu. Prezidentin SOCAR barədə dediklərindən bəziləri:
“Amma dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq. Hətta ölkəmizdə qazlaşdırma dövlət büdcəsi hesabına aparılır. Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur? Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir”.
“Dövlət Neft Şirkətinə pul verilir, təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına. Bu pul haradan gəlir? Dövlət büdcəsindən, özü də böyük vəsait”.
Çıxışında dövlət şirkətlərinə, o cümlədən SOCAR-a ayrılan subsidiyaların geri qayıtmadığını, onların ödədiyi vergilərin isə aldıqlarından qat-qat aşağı olduğu vurğulayan ölkə başçısı bu talançılıq siyasətinə son qoyulmasının vacibliyinə toxunmuşdu. Mən də həm bir siyasi partiyanın sədr müavini, həm də media mənsubu kimi “Hürriyyət” qəzetinə müsahibə vermiş, Prezidentin fikirlərini dəstəkləmiş və şərh etmişdim.
Yazı saytda dərc olunduqdan bir qədər sonra qəzetin Baş redaktoru Vüqar Məmmədov mənə zəng edib müsahibəni çıxarmalı olacağını bildirdi. Çünki müsahibəmdə mən Rövnəq Abdullayevin dayısı oğlu barədə də nəsə demişdim. Adını belə çəkmədiyim bu adam isə Azərbaycan mətbuatının ən böyük tabularındandır. Hətta Prezident, Birinci vitse-prezident barədə tənqidi fikirlər söyləyə bilərsən, nəbadə, səhvən Anar Əlizadənin adını çəkəsən. Bir anda dünyanın müxtəlif yerlərindən sayta hücumlar başlayır və onun avtomatik qoruma sistemləri işə düşərək, girişləri dayandırır.
“Bildirçinin bəyliyi” 5 dəqiqə çəkdi
Vüqar Məmmədovun bildirdiyinə görə, ötən dəfə yenə mənim ucbatımdan rəhbərlik etdiyi “Hürriyyət” qəzetinin saytı hücumlara məruz qalmış, 22 gündən sonra çətinliklə bu hücumları dayandıra bilmişdilər. Nəticədə xeyli oxucu itirən “Hürriyyət” uzun zamandan sonra fəaliyyətini bərpa edə bilsə də, hələ də “Google” axtarış sistemi onu tanımır.
Qısası, “Hürriyyət” qəzeti 1998-ci il avqust ayının 6-da mərhum Prezident Heydər Əliyev tərəfindən ləğv edilən, Anar Əlizadə adlı birisi tərəfindən yenidən bərpa olunan senzuraya boyun əymək məcburiyyətində qaldı. Nəşrin Baş redaktorunun bildirdiyinə görə, ona zəng edərək yazı saytdan çıxarılmasa, yenidən hücumlara məruz qalacağı barədə xəbərdarlıq edilmişdi.
Həmin müsahibə Ovqat.com-da da dərc olunduğundan həmkarıma edilən xəbərdarlığı özümüz üçün də təhdid kimi alqılamış və facebook səhifəmdə SOCAR prezidenti Rövnəq Abdullayevə bu barədə məlumat vermişdim. Üzərindən bir az keçəndən sonra həqiqətən saytımıza giriş məhdudlaşdı. Saytın kollektivi adından Rövnəq müəllimə ikinci müraciətimizi ünvanladıq:
“Cənab Rövnəq Abdullayev, dayınız oğlu saytımı dağıtdı. Bu özbaşınalığa 2 saat ərzində son qoyulmasa, öz dayı oğlunuzdan inciyin.
Ovqat.com-a giriş bərpa olunmayana qədər mövzum ancaq siz olacaqsınız.
Gerisayım başladı”.
Məhz bu xəbərdarlığımızdan cəmi 5 dəqiqə sonra bütün hücumlar dayandı və Ovqat.com-a giriş bərpa olundu. Görünür, ikinci məktubumuz Rövnəq müəllimə çatdırıldığından o, ipə-sapa yatmayan dayısı oğlunu yola gətirə bilmişdi. Beləcə, “bildirçinin bəyliyi darı sovrulana qədər” sürdüyü kimi, Anar Əlizadənin də “qəhrəmanlığı” 5 dəqiqə çəkmişdi. Biz SOCAR prezidenti Rövnəq Abdullayevə bu diqqətinə və operativliyinə görə bir daha təşəkkür edirik.
“Qulaqburması” belə bu adama təsir etmir
Qeyd edim ki, bu, Anar Əlizadə adlanan yeni senzorun saytımıza ilk hücumu deyildi. Bundan əvvəl dəfələrlə bənzər hücumlara məruz qalmışdıq, hər dəfə onun barəsində yazılan məqaləni çıxartdıqdan sonra saytımız fəaliyyətini bərpa edə bilmişdi. Bir dəfə hətta canımız boğazımıza yığışdığından ölkə başçısına bu barədə şikayət məktubu yazmış, yalnız bundan sonra hücumların dayanmasına nail olmuşduq. Rövnəq Abdullayevin dayısı oğlu hətta bu zaman belə, öz fironluğundan əl çəkməmiş, başqa mətbu orqandan istinadən yayımladığımız yazıya görə, bizi məhkəməyə vermişdi. Bununla da beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın ən çox tənqid olunduğu həbslərlə mətbuatı susdurmaq iddialarına haqq qazandırmaq yolunu tutmuşdu. Görünür, bizdən daha çox mövcud hakimiyyətin beynəlxalq imicinə zərbə vurmaq niyyəti güdən bu hadisə ölkə rəhbərliyinin də diqqətini cəlb etdiyindən, Anar Əlizadə məhkəmə sevdasından vaz keçmişdi.
Di gəl ki, ölkə rəhbərliyinin bu “qulaqburma”sından sonra da o, ipə-sapa yatmamışdı. Sonuncu dəfə Türkiyə mətbuatında Anar Əlizadə ilə Mübariz Mənsimov arasında yaşanan bir insident barədə məqaləni dərc etdiyimiz üçün eyni hücumlarla üzləşmişdik. Maraqlıdır ki, həmin yazı Anar Əlizadənin xeyrinə idi və biz də iki azərbaycanlı iş adamının sərgüzəştlərini oxucularımız üçün aktual hesab edib yayımlamışdıq. Rövnəq müəllimin ərköyün dayısı oğlu bunu belə bizə çox gördüyündən öz ənənəvi senzura silahını işə salıb saytımızı cəzalandırmışdı. Biz də “Yaxşılığa yamanlıq...” atalar sözündən hərəkətlə yazını çıxarmaq məcburiyyətində qalmışdıq.
Bu dəfəki müsahibə isə mahiyyətcə tamamilə fərqli anlam daşıyırdı. Əvvəla, indiyədək Anar Əlizadə senzurasına məruz qalaraq çıxdığımız yazılardan fərqli olaraq, müsahibədəki fikirlərin müəllifi özümüzdük. İkincisi, bu müsahibədə Prezident İlham Əliyevin sözləri şərh olunurdu. Nəticə etibarilə bu hücum təkcə bizə yox, həm də Prezidentin sözlərinə yönəlmişdi. Və bunu edən kim idi? – Rövnəq Abdullayevin dayısı oğlu. Halbuki həmin müsahibədə söhbət təkcə ondan getmirdi. Yazıda Ramiz Mehdiyevdən tutmuş Naxçıvan MR rəhbərinə, onun sözçüsü, cibində deputat mandatı daşıyan Siyavuş Novruzova, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruca qədər 10-dan artıq adamın adı çəkilirdi. Bu adamların hər biri isə Anar Əlizadədən qüdrətli şəxs kimi tanınırlar. Buna rəğmən, hər kəs mətbuatın tənqid hüququna hörmətlə yanaşdığı halda, Azərbaycanın “baş senzoru” öz adətkərdə olduğu xislətini unuda bilməmişdi. Biz də bu xisləti ona unutdurmaq üçün Anar Əlizadə özəl dosyasını açırıq.
Dosyada “bu adam kimdir, gücünü hardan alır, necə milyonçu ola bilib” suallarına cavab axtaracağıq. Çünki bunu bizdən özü istəyib. Azərbaycandakı qeyri-qanuni senzuraya son qoyulana və hüquqi qiymətini alana qədər araşdırmalarımız davam edəcək. Məqsədimiz təkcə xalqımızın göyə sovrulan, kimlərinsə dayı oğlularını zənginləşdirərək azğınlaşdıran sərvətinin taleyini araşdırmaq deyil, həm də Azərbaycan Konstitusiyası ilə təsbit olunan söz və mətbuat azadlığını təmin etməkdir. Ümidvarıq ki, bu çətin işdə Azərbaycanın bütün hüquq mühafizə orqanları bizim yanımızda olacaq, saytımızın və özümüzün təhlükəsizliyini qoruyacaq, bizi beynəlxalq qurumların ədalətinə sığınmaq məcburiyyəti qarşısında qoymayacaq. Zira söz və mətbuat azadlığı təkcə Konstitusiya hüququ deyil, həm də Azərbaycanın beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəlikdir. Rəsmi Bakı zəhmət çəkib bu öhdəliyi yerinə yetirməli, hansısa iri məmurun dayısı oğlunun ərköyünlüyünə qurban verməməlidir.
Global Witness təşkilatının soyismini dəyirdirdiyi Anar
Beləliklə, Anar Əlizadə dosyasının ilk sətirlərini təqdim edirik.
İlk Sual: Kimdir Anar Əlizadə?
Əliyev Anar Nüsrət oğlu: 21 sentyabr 1978-ci ildə Naxçıvanda dünyaya gəlib. 1996-2000-ci illərdə Naxçıvan Dövlət Universitetində təhsil alıb. Özünün iddiasına görə, tələbəlik illərindən biznes həyatına atılıb. Türkiyə ilə Naxçıvan arasında kiçik ticarətlə işə başlayan Anar Əliyev adlı adamın varlığı 2013-cü ilə qədər bilinməyib. İlk dəfə onun adı həmin il Global Witness təşkilatı tərəfindən hazırlanan “Anonim Azərbaycan” hesabatı yayınlanandan sonra duyulmağa başlayıb. Həmin ilə qədər Əliyev soyadı daşıyan Anar “Anonim Azərbaycan” hesabatının açıqlanmasından sonra birdən-birə dönüb olub Əlizadə, bəzən isə Alizadə.
Maraqlıdır ki, SOCAR-ın bu “qara qutusu” barədə məlumat həmin vaxta qədər şirkətin əksər rəhbər şəxslərinə də bəlli deyilmiş. Hər halda bunu SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyev BBC-yə verdiyi açıqlamasında deyib. Mətbuat katibinin dediyinə görə, o, bu zamana qədər Anar Əliyev adını eşitməyib. Halbuki, “Anonim Azərbaycan” hesabatına görə, Anar Əlizadə həmin dövrə qədər SOCAR-ın 50-ə qədər xarici əməliyyatını həyata keçirmişdi. Görünür, bunların hamısı “qara əməliyyatlar” olduğundan Nizami Quliyevin diqqətindən yayınıb.
Global Witness-in “Anonim Azərbaycan” hesabatı daha geniş mövzu olduğundan bu barədə ayrıntıları sonrakı yazılarımıza saxlayırıq. Hələlik isə onun SOCAR-dakı dayaqları barədə bir neçə söz deməyə çalışacağıq.
Rövnəq Abdullayevin ailə təsərrüfatı
İkinci sual: Biznes fəaliyyətinə, türklər demişkən, “bavul ticarəti” ilə başlayan Anar Əlizadə necə olur ki, birdən birə SOCAR-ın ən mühüm tərəfdaşına çevrilir? Axı o, 2000-ci ildə Naxçıvan Dövlət Universitetini bitirib. Məzun olduqdan cəmi 13 il sonra sorağı isə Global Witness-in hesabatlarından gəlib.
Dünyanın bəlkə də ən şanslı iş adamlarını belə heyrətə düşürəcək bu qeyri-adi yüksəlişin bir səbəbi var – Anar Əlizadə SOCAR prezidenti Rövnəq Abdullayevin dayısı oğludur. Azərbaycanın ən böyük dövlət şirkəti olan SOCAR isə Rövnəq Abdullayevin ailə təsərrüfatıdır. Və bu ailə təsərrüfatında Anar Əlizadənin çox böyük dayaqları var. Gəlin, onların bəziləri ilə tanış olaq:
1. Bədəl Əliyev: Anar Əlizadənin qardaşlarından biri. SOCAR İnformasiya Texnologiyaları Departamentində (rəis Inayət müəllim, təchizat üzrə müavini Rövnəq Abdullayevin sinif yoldaşı Azər müəllim ) satınalmalar üzrə menecer vəzifəsində çalışır.
2. Nihad Əliyev: Anar Əliyevin digər qardaşı. SOCAR-da satış direktorudur.
3. Nüsrət Əliyev: Anar Əliyevin atası. Rövnəq Abdullayevin dayısıdır. Öz oğluna ölkənin senzoru olmadığını indiyədək başa sala bilməyən bu ata Neft Emalı zavodunda Qaz sektorunun müdiri işləyir.
4. Anar Əliyevin əmisi Azad (Rövnəq Abdullayevin digər dayısı ) Neft Emalı zavodunda Kislorod sektorunun müdiridir.
5. Anar Əliyevin xalası oğlanları “Suraxanı OIL” Əməliyyat Şirkətinin və “Balaxanıneft”in rəhbərləridir.
6. Anarın əmi nəvəsi Ramil Əliyev “EKOL”un rəisidir.
7. Anarın digər əmi nəvəsi Nail Əliyev - Neft-Yağ Emalı zavodunun rəisidir.
8. Anarın yaxın dostu Vasif müəllim Neft Kəmərləri İdarəsinin rəisidir.
SOCAR-ın aktopodu
Göründüyü kimi, Vasif müəllimi saymasaq, Anar Əlizadənin ən azı 8 yaxın qohumu SOCAR-ın ən müxtəlif idarələrinə rəhbərlik edir. Bu durum dənizlərin ən qorxunc başıayaqlılarından sayılan aktopodu yada salır. Aktopodun da səkkiz ayağı var və məhz buna görə, bəzən adına səkkizayaq da deyilir. Bu ayaqlar aktopoda ovladığı qurbanı tamamilə çevrələmək fürsəti verir və ovun qurtuluşunu mümkünsüzləşdirir. Aktopod da yumşaqbədənlidir və istədiyi an istədiyi şəklə düşə bilir; Əliyevin bəzən Əlizadəyə, bəzən Alizadəyə çevrildiyi kimi. Bütün bu özəllikləri ilə Anar Əlizadəni SOCAR-ın aktopodu adlandıra bilərik.
Növbəti sual ortaya çıxır: Anar Əlizadənin ən azı 8 qohumunun SOCAR-da yüksək vəzifə daşımasında nə var ki, biz bunun sözünü edirik?
Məsələ burasındadır ki, hər hansı bir iri məmurun işlədiyi idarəni qohumlar klubuna çevirməsi inhisarçılığın əsas səbəblərindən biridir və Azərbaycan qanunvericiliyi bunu qadağan edir. Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublika Qanununun 7-ci maddəsində eynilə belə deyilir:
Maddə 7. Yaxın qohumların birgə işləməsinə yol verilməməsi
7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.
7.3. Bu Qanunun 7.2-ci maddəsində göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər.
Sözsüz ki, sözügedən qanunun tələblərinin kobud şəkildə pozulması SOCAR-ın akropodunu yox, onun bibisi oğlunun günahıdır. Üstəlik, bu məlumatlar dəfələrlə media qurumlarında dərc olunub. Qanunvericiliyə görə, SOCAR prezidenti həmin məlumatlar üzə çıxandan sonra 30 gün ərzində Dövlət Şirkətinin aktopodunun ayaqlarını kəsməli idi. O isə indiyədək bu vəzifə borcunu yerinə yetirməyib. Səbəb aydındır: 2020-ni 20/20 kimi başa düşən Rövnəq müəllim yəqin ki, Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublika Qanununun 7-ci maddəsini də baş-ayaq başa düşüb və bu da nəticədə SOCAR-dakı başayaqlılar sinifinin formalaşmasına yol açıb. Bəs, Azərbaycanın müvafiq qurumları necə, onlar da qəbul etdikləri qanunun tələblərini anlamaqda çətinlikmi çəkirlər?
Ovqat.com