Azərbaycan mediasında tez-tez "NEQSOL Holding"lə bağlı ziddiyyətli informasiyalara rast gəlinir.
Yenixeber.org: Dəfələrlə media bu holdinq ətrafından baş verənlərdən yazsa da, dövlət rəsmiləri səviyyəsində hər hansı bir ciddi reaksiya verilməyib.
Məsələn, bir müddət öncə "Araz Media" bu holdinqlə bağlı ciddi məlumatlar yaysa da, sonradan sanki quyuya daş atıldı, baş verənlərə heç bir münasibət bildirilmədi.
Maraqlıdır, bəs bu holdinqdən narazılıqlar nədən qaynaqlanır?
İddia olunur ki, beynəlxalq şirkətlər qrupu strategiyasına əsasən, müxtəlif sahələrdə inkişafını uzun müddətdir davam etdirən, hazırda dünyanın müxtəlif ölkələrində aktivlərə malik olan, əməliyyatları uğurla həyata keçən və regional ofisləri fəaliyyət göstərən "NEQSOL Holding"in kadr siyasəti də dostbazlıq, tərəfkeşlik və nepotizmə əsaslanır.
Şikayətlərə görə, xeyli müddətdir ki, əsas rəhbərinin — Baş icraçı direktorunun Yusif Cabbarovun olması adamı dəhşətə gətirir. Bəs Yusif Cabbarovdan şikayətlərin mahiyyəti nədən ibarətdir? Bu suallar təsadüfən ortaya çıxmır...
"Axı necə ola bilər ki, Sovet İttifaqının dağılmasından az sonra — 1990-cı illərdən üzübəri iş adamı və xeyriyyəçi kimi özünü yaxşı yöndən tanıdan Nəsib Həsənovun sahibi və təsisçisi olduğu belə bir nüfuzlu Şirkətlər Qrupuna, adı yaxşı yöndən hallandırılmayan belə birisi, özü də uzun müddət rəhbərlik etsin?! Doğrudan da, bu suala cavab vermək olduqca çətindir. Çünki çoxşaxəli şirkətlər qrupu bir holdinq olaraq, strateji idarəetməni və sinerjini gücləndirməyə imkan verən çoxsahəli və şaxələnmiş biznes portfeli yaratmaqla, tərkibindəki 20 ildən çox müddətdir ki, fəaliyyət göstərən və öz sahələrində geniş təcrübəyə malik önəmli şirkətləri uğurla birləşdirməyi tez bir zamanda bacaran "NEQSOL Holding"in taleyinin belə birisinə tapşırılması ağlagəlməz dərəcədədir", - mediada yayılan şikayətlərdə deyilir.
Ümumiyyətlə, cəmiyyətdə Cabbarovun və şirkətin fəaliyyəti ilə bağlı çoxsaylı məlumatlar geniş yayılıb. Eyni zamanda, Yusif Cabbarovun, onun ən yaxın adamları Vüqar Səmədlinin, Rauf Ağayevin, İmran Əhmədzadənin və Eldar Məmmədzadənin BP, SOCAR, "Azneft", "Azərkimya" və digər dövlət şirkətləri və təşkilatlarındakı açıq-aşkar həyata keçirdikləri birgə korrupsiyaları haqqında çox yazılıb.
Bu iddialar isə kifayət qədər ciddi olduğu üçün şirkətin informasiya sorğusuna cavab verməsi gərəkir.
Holdinqin tenderlərlə bağlı fəaliyyətinin də şəffaf olmadığı bildirilir.
Məlumata görə, şirkət rəsmiləri müxtəlif vəzifə sahiblərini ələ alır və onların vasitəsi ilə, tenderləri ədalətsiz udur, şişirdilmiş qiymətlər yazdırır və sağlam şirkətləri tenderlərdən kənarda saxlayırlar. Hətta Yusif Cabbarovun xüsusən Ramiz Rzayevin dövründə bu məsələlərdə məhkəmələrə təsir imkanları da istisna edilməyib...
Holdinqdən şikayət edənlər isə hələ də ümid edirlər ki, SOCAR AQŞ-nin, Llamrenin, Prokonun və Glensolun SOCAR sistemində çalışanlara verdikləri bank kartları, həmin kartlara hər ay köçürülən milyonlar, saxta müqavilələr, qat-qat şişirdilmiş təchizat müqavilələri barədə mövcud olan faktlar və sübutlarla müvafiq dövlət qurumları maraqlanacaq və Azərbaycan iqtisadiyyatının yaxasına yapışmış bu "xərçəng xəstəliyi"nin kəsilib atılmasına nail olacaqlar. Əks halda, holdinqin adı yenə də tez-tez beynəlxalq korrupsiya araşdırmalarında Azərbaycanın imicini korlamaqla gündəmə gələcək...(arqument.az)
Məsud Turan
Qeyd: Yazı ilə bağlı şirkətə informasiya sorğusu göndərib.
Yenixeber.org