(Özümüzünküləri boğub, yadları bəsləmək siyasəti)
Dövlət ölkəsini inkişaf etdirmək, qlobal rəqabətdə güclü olmaq istəyirsə, qızıl qayda birdir: diqqət, qayğı və birbaşa dəstək ilk növbədə öz yerli vergi ödəyicilərinə – yerli şirkətlərə və müəssisələrə göstərilməlidir. Yerli şirkətlərə arxa çıxmaq lazımdır ki, onlar böyüsün, ölkədə nağd pul dövriyyəsi (cash flow) artsın, inkişaf edərək daha böyük gəlirlər (revenue) əldə etsin və nəticədə dövlətə ödədikləri vergilərin həcmi də qatlanaraq çoxalsın. Dövlət yerli startapları elə motivasiya etməlidir ki, hər gün yeni-yeni vergi ödəyiciləri formalaşsın. Çünki iqtisadiyyatın dəyişməz reallığı budur: yerli şirkətlər nə qədər çox və böyük olarsa, dövlət də bir o qədər varlanar, güclənər və sarsılmaz olar.
İstənilən qüdrətli ölkə dünya arenasında məhz öz uğurlu şirkətləri ilə öyünür, qürur duyur. Heç bir dövlət başqasının şirkəti ilə inkişaf etməyib. Dünya təcrübəsinə baxaq:
* Cənubi Koreya: Samsung, LG, Hyundai, KIA ilə yanaşı, SK Group və Lotte kimi nəhəngləri ilə qlobal gücə çevrilib.
* Yaponiya: Sony, Toyota, Panasonic ilə bərabər Honda, Mitsubishi və Nintendo kimi brendlərlə öz iqtisadi möcüzəsini yaradıb.
* Çin: Bu gün dünyanı Alibaba, Tencent, Huawei, BYD və Xiaomi kimi qlobal qiqantları vasitəsilə fəth edir.
* ABŞ: Amerika hegemonluğunun arxasında yalnız siyasi gücü deyil, Google, Meta, Apple, Microsoft, Amazon və Tesla kimi trilyon dollarlıq korporasiyaları dayanır.
Heç bir inkişaf etmiş ölkə öz yerli şirkətlərini dövlət qayğısından kənarda saxlamır. Çünki onların inkişafı – dövlətin prestiji, yüksək büdcə təminatı, vətəndaşların işlə təminatı və elmin inkişafı deməkdir. Patentləşmədə, strateji məhsul istehsalında yerli özəl sektorun rolu əvəzsizdir. Türkiyədə Səlçuk Bayraktarın qurduğu "Baykar", Niderlandda çip texnologiyalarını istehsal edən "ASML", Tayvanda yarımkeçirici nəhəngi "TSMC"... Bütün bu misallar sübut edir ki, dövlət yerli özəl sahibkarlara dəstək olanda, əslində, özünü qüdrətli edir. Məhz bu strateji şirkətlərin hesabına dövlət dünyada söz sahibi olur, hegemonluq edir; digərləri onunla hesablaşır, ondan çəkinir və ona hörmət etmək məcburiyyətində qalırlar. Yəni, şirkət dövləti ucaldır!
Xarici şirkətlərin "Qaranlıq üzü" və bizə münasibəti
Öz ölkəsindən kənarda fəaliyyət göstərən xarici şirkətlərin isə işlədikləri yerli dövlətin nə adında, nə gücündə, nə də qüdrətində zərrə qədər rolu və marağı olmur. Onları idarə edən yeganə prinsip sırf kommersiya maraqlarıdır. Xarici şirkətin yerli dövlətə heç bir bağlılığı, vəfa və ya sədaqət borcu yoxdur.
Əksinə, əksər hallarda onlar qara pulların yuyulmasında, vergidən yayınmada və kontrabandada ad çıxarırlar. Təkcə bunlarmı? Xarici korporasiyalar çox zaman transfert qiymətəmələgəlmə (transfer pricing) hiyləsi ilə mənfəəti ofşor zonalara qaçırmaqda, süni qiymət endirimləri (dempinq) edərək yerli rəqibləri iflasa uğratmaqda, inhisarçılıq yaratmaqda, ekoloji normaları heçə sayaraq yerli təbiəti istismar etməkdə və kölgə iqtisadiyyatını formalaşdırmaqda olduqca mahir olurlar.
Bu cür şirkətlərdə ən yüksək vəzifələr və astronomik məvaciblər həmişə öz vətəndaşlarına (ekspatlara) verilir, yerli xalqın nümayəndələrinə isə yalnız ucuz işçi qüvvəsi kimi baxılaraq ən aşağı səviyyəli işlər təhkim edilir. Xarici şirkətlərdə öz vətəndaşları həmişə yerli mütəxəssislərdən qat-qat üstün tutulur. Bəzən isə bu ayrı-seçkilik o qədər iyrənc, o qədər alçaldıcı həddə çatır ki, adamı dəhşətə gətirir. Hətta yerli vətəndaşlara o qədər yuxarıdan aşağı baxırlar ki, heç onları öz qurduqları işlərdə belə görmək istəmirlər.
Vaxtilə Azərbaycanda oftalmoloji fəaliyyət göstərən bir türk klinikasının sahibinin dediyi bu sözləri heç vaxt unutmaram. O, böyük bir təkəbbürlə, açıq-aşkar belə deyirdi:
"Benim kurduğum klinikte Azerbaycanlılar çalışmamalı. Azeri personelin veya doktorların ayağı bile kliniğe değmemeli, hastanın yakınına bile yaklaşmamalı, gözüne bir damla dahi damlatmamalılar. Onlar maksimum temizlik görevlisi olabilir ve saksıdaki çiçekleri sulayabilirler."
O zaman bu fikirlər mənə çox ağır təsir etmişdi. Niyə bizim xalq bu cür dəyərsiz, hörmətsiz tutulur? Niyə bizim peşəkarlarımıza dəyər verilmir və xarici klinikada bizə yalnız döşəmə silmək, bağban, hambal olmaq rəva görülür?
Sonra düşündüm: bizim tələbələr Türkiyəyə 4-5 illik təhsilə gedib qayıtdıqdan sonra ömür boyu türk ləhcəsində və ya dilində danışırlar. Lakin türk tələbələri Azərbaycanda 10 il də qalsalar, heç bir zaman bizim dildə və ya ləhcədə danışmırlar. Bəlkə də kənardan öz kimliyimizə bu qədər biganə qalmağımız, yaltaq kimi görünən ifrat təqlidçiliyimiz onları bizə yuxarıdan aşağı baxmağa vadar edir və haqlı olaraq hörmətə layiq görülmürük?
İTS-in vurduğu zərbə: Süni yaradılan xarici monopoliya
Xaricilərin bizə hörmət qoymamasını, bu acımasız kommersiya eqoizmini bəlkə də birtəhər anlamaq və həzm etmək olar. Amma öz dövlət orqanımız olan İcbari Tibbi Sığorta (İTS) üzrə Dövlət Agentliyinin bizi bu qədər əskik görməsini, öz yerli peşəkarlarımızı boğmasını əsla həzm etmək mümkün deyil!
Bu gün ölkəmizdə göz xəstəlikləri (oftalmologiya) sahəsində dəhşətli və ədalətsiz bir mənzərə formalaşıb. İTS, göz sahəsində fəaliyyət göstərən 100-ə yaxın yerli özəl klinikanın sığortasını kəsib. Bəs vətəndaşların sığorta hüququ hara yönləndirilib? Yalnız bir xarici özəl tibb müəssisəsinə – "Dünyagöz Xəstəxanası"na!
Özü də bu, çox kobud və qanunsuz görünən bir xüsusi güzəştlə edilir. İTS qanunvericiliyinə görə, vətəndaş özəl klinikaya müraciət etmək üçün mütləq dövlət xəstəxanasından göndəriş almalıdır. Lakin "Dünyagöz"ə gəldikdə, qanun nədənsə kənara qoyulur. Vətəndaş heç bir göndəriş olmadan, birbaşa "Dünyagöz"ə gedib yerindəcə sığorta xidməti ala bilir. Bu nə deməkdir? Bu, İTS-in öz əli ilə "Dünyagöz"ə oftalmologiyada mütləq bir monopoliya yaratmaq imkanı təmin etməsi deməkdir!
Nəticədə xəstələr bürokratik əngəllərdən yaxa qurtarmaq üçün məcbur qalıb yalnız "Dünyagöz"ə axışdılar. Bəs bizim yerli klinikalarımız? Onlar xəstə qıtlığından iflas olma təhlükəsi ilə üz-üzə qaldılar. İş yerləri ixtisar olundu, həmin klinikaların dövlətə verməli olduğu vergilərin həcmi kəskin azaldı. İTS öz yerli klinikalarımızı qeyri-bərabər rəqabətlə amansızcasına boğaraq, xarici bir obyekti süni şəkildə önə çıxartdı və monopolist etdi.
Zaur Əliyevə açıq suallar: məqsədiniz nədir?
Bu qeyri-bərabər rəqabətdə yerli özəl klinikaları iflasa uğratmaqda İTS rəhbəri Zaur Əliyevin məqsədi nə idi? (Axı "Dünyagöz"ə dövlət sığortasının bu cür xüsusi güzəştlə verilməsinin məhz Zaur Əliyevin şəxsi göstərişi olduğu bildirilir).
Bəlkə məqsəd yerli göz sahəsini tamamilə iflas etdirib, xalqı yalnız xarici peşəkarların insafına və ümidinə buraxmaqdır? Əgər o xarici klinika və onun peşəkarları öz güclərinə, savadlarına bu qədər əmindirlərsə, niyə digər yerli klinikalarla eyni şərtlər altında sağlam rəqabətə girmədilər? Niyə özlərini xüsusi yollarla Zaur Əliyevə "tapşırıb" süni monopoliya yaratdılar?
Oftalmologiya Azərbaycan üçün adi bir sahə deyil. Bu, vaxtilə Cənab Prezidentin anası, görkəmli oftalmoloq, mərhum akademik Zərifə xanım Əliyevanın da misilsiz xidmətlər göstərdiyi, milli fəxrimiz olan strateji bir sahədir. Niyə Zaur Əliyev Azərbaycan üçün belə strateji əhəmiyyəti olan bir sahəni kor qoyur?
Öz ayağımıza sıxılan güllə
Bütün inkişaf etmiş dünyada tibbi xidmət və innovasiyaları irəli aparan məhz rəqabətədavamlı yerli özəl sektordur. "Dünyagöz" onsuz da başqa bir ölkənin milli brendidir. Öz dövləti ona onsuz da yetərincə dəstək verib ki, böyüyüb, inkişaf edib və 12 ölkədə 23 şöbə aça bilib. Zaur Əliyev, sizin xalqın sığorta pulları hesabına onlara verdiyiniz bu xüsusi dəstək sadəcə lazımsız bir "yamaqdır". Amma siz bu imkanı, bu böyük dəstəyi yerli özəl tibb sektoruna verə bilərdiniz! Sağlam bir mühit yarada bilərdiniz ki, qoy Azərbaycanın da dünyada tanınan, sərhədləri aşan öz milli klinika brendləri formalaşsın. Çünki yerli sahibkara öz dövlətindən, öz
büdcəsindən, öz məmurundan başqa kim sahib çıxmalıdır ki?
Siz isə öz sahibkarlarınıza qol-qanad verməkdənsə, onları iflas səviyyəsinə saldınız. Siz bununla təkcə oftalmologiyaya yox, Azərbaycan Səhiyyəsinə, iqtisadiyyatına və bütövlükdə Azərbaycan Dövlətinə çox ağır bir zərbə vurdunuz. Siz, öz yerli şirkətlərinizi xarici şirkətin ayağına verməklə, yerli peşəkarları gözardı etməklə, əslində, öz ayağınıza güllə vurdunuz! (Bizimesr.az )