Xəbər verdiyimiz kimi iyulun 29-da Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Bakının Yeni Yasamal və Hövsan qəsəbələrində, eləcə də Gəncə şəhərində güzəştli satışa çıxardığı 1189 mənzilin seçim prosesi olub.
Güzəştli mənzillərin seçim prosesində ciddi texniki xətalar mənzil almaq ümidi ilə müraciət edənlər tərəfindən narazılıqla qarşılanıb.
Bir çox istifadəçilər Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi və Gəncə Yaşayış Kompleksində yerləşən mənzillərin seçimində ciddi maneələrlə rastlaşmadıqları halda, Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə iki və üç otaqlı mənzillərin satışında qeyri-şəffaflığın olduğunu bildirirlər.
Sosial şəbəkələrdə texniki donmalar və kateqoriyalar üzrə təqdim olunan mənzillərin üzərinə klik edilsə də, heç birinin aktivləşmədiyinə dair görüntülər paylaşılır.
Həmin məzillərə başqa müraciət edən şəxs tərəfindən baxıldığı və ya artıq bron olduğu barədə hansısa xəbərdarlıq edilməyib, bu da etirazlara səbəb olub. Müraciətçilər nəticələrin ləğv olunub daha şəffaf satış prosesinin keçirilməsini tələb edirlər. Narazılıqlar daha çox Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə təqdim olunan mənzillərlə bağlıdır.
Sözügedən problem daha çox bu kompeks üzrə müşahidə olunub. Bu kompleksdən real mənzil udanın olmadığı iddia edilir, sosial şəbəkədə paylaşım edən "qaliblər"in isə profilinin saxta olduğu bildirilir.
Daha bir problem CAPTCHA ilə bağlı olub. Müraciətçilərin bildirdiyinə görə, CAPTCHA-nın kodlarındakı rəqəmi doldurmadan da növbəti mərhələyə keçid etmək mümkün olub və iddialara görə, bu barədə müəyyən şəxslərə əvvəlcədən məlumat ötürülüb. Bəzi şəxslər isə CAPTCHA-nın kodlarındakı rəqəmi seçdiyi halda avtomatik sistem başqa rəqəmə keçid edib və nəticədə müraciətçi gecikərək mənzil seçim prosesini ötürüb.
Mənzil İnşaatı Dövlət Agentliyi dünən məsələ ilə bağlı rəsmi açıqlama yaymalı olub. Açıqlamada çoxsaylı şikayətlərlə bağlı yalnız belə bir "çarə" məsləhət bilinib: "29 iyul 2023-cü il tarixində Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi və Gəncə Yaşayış Kompleksində yerləşən güzəştli mənzillərin seçimində iştirak edən vətəndaşlardan mənzil seçimi ilə bağlı müraciətlərini office@mida.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Hər bir müraciət fərdi qaydada araşdırılıb cavablandırılacaq".
Texnobloqer Fərid Pərdəşünas bildirib ki, MİDA ətrafında gərgin vəziyyət yaranıb: "Məsələni qəlizləşdirən hal odur ki, bu donan sistemdə kifayət qədər qalib var. Həmin qaliblər heç bir müdaxilə etmədən eyni tutulma problemilə qarşılaşmaqla qalib olublar. Digər tərəfdən sistemin son mərhələdə donması iştirakçının geriyə qayıdıb seçim etmə şansını əlindən alıb. Yəni sistem açılır, evlər var, düyməni basırsan, seçilmir, qəfil bildiriş gəlir ki, siz seçən ev tutulub. Burada isə artıq geriyə dönüş mümkün deyil.
MİDA-dan özümə ev udan biri kimi deyim ki, həmin an olan sevincin sonradan ləğv olunması çox pis bir şeydir. İndi isə böyük narazı kütlə var, bir neçə dövlət qurumuna birlikdə şikayət göndərir və əllərində faktları təqdim edirlər. Bu adamlara da "haqsızsan" demək olmur. Çünki son anda sistem donub və şəffaflıq təmin olunmayıb. Qaliblər isə susur, halbuki videoları paylaşmaq lazımdır.
Ümumiyyətlə, Yasamalda mənzillərin son satışa çıxarılması buraya böyük yüklənmə və tələbat yaradıb. Gəncə və Hövsanda problem yaşanmayıb.
MİDA rəsmiləri məni müşahidəçi kimi izləməyə dəvət etmirlər. Və müşahidəçilərə sadəcə evlərin tutulma sayı, neçə saniyəyə tutulması göstərilir. Bu, doğru deyil. Müşahidəçilərə proses göstərilməlidir. Evlərin qurtardığını izləmək üçün niyə müşahidəçi lazımdır? On minlərlə əziyyət çəkən istifadəçi olub, amma müşahidəçilərə evlərin bitmə prosesi göstərilib. Sual olunur: müşahidəçi orada nəyə baxır? Loq fayllar hanı? Sistem niyə dondu? Dövlət serverləri niyə 20,000 nəfəri qarşılaya bilmədi? Bəlkə həmin anda DDOS hücum olub? Suallar çoxdur. Böyük ehtimalla Dövlət Təhlükəsizliyi Xidməti məsələni araşdıracaq. Çünki ciddi arqumentli şikayətlər var".
Texnobloqerin sözlərinə görə, dövlət bu layihəni genişləndirməli, mərkəzə yaxın kompleksləri artırıb, gənclərə dəstək olmalıdır: "Mən şəxsən bu layihəni alqışlayıram, amma ədalətli seçim sistemi də formalaşdlrılmalıdır. Hər il eyni problemin təkrarlanması bu layihəyə olan inamı itirib. Hücumlar, rüşvət iddiaları isə quruma ciddi zərbə vurub".
Satış prosesini izləyən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sosial şəbəkədə qeyd edib ki, bütün problemlər, anlaşılmazlıqlar və qeyri-müəyyənliklər məhz sistemdə bütün mərhələləri keçdikdən sonra, mənzilin seçimi prosesində baş verib:
"Seçim edə bilməyənlərin əksəri bildirir ki, bütün mərhələləri keçib mənzil seçimi etmək istədikdə donmalar baş verib. Bu zaman sistem iştirakçıya hər hansı mesaj verməyib, yaxud avtomatik yenilənmə baş verib. İştirakçı yenidən prosesə başladıqda da seçim mümkün olmayıb. Yəni sistemdə məhz mənzilin seçimi mərhələsində xeyli anlaşılmazlıqlar olub. Düşünürəm ki, bu mərhələnin ciddi araşdırılması, ağlabatan bir açıqlamanın verilməsi vacibdir. Odur ki, MİDA tərəfindən bu istiqamətdə araşdırmanın aparılması, müstəqil peşəkar qurumların da iştirakı ilə sistemin auditi, daxil olan materialların tam araşdırılması və yekun nəticələrlə birlikdə bu məlumatın da açıqlanması doğru olardı.
Bir daha qeyd etmək istərdik ki, indiki halda mənzil seçimi edənlərin, seçim zamanı da göstərilməklə siyahılarının dərc edilməsi çox vacibdir. Həm mənim səhifəmdə, həm də ümumiyyətlə sosial mediada paylaşımlardan görünür ki, bu gün baş tutan onlayn satışda daha bir problem CAPTCHA-da olub.
Paylaşılan videolardan iki problemin olduğu görsənir: Birincisi, görüntülərdə CAPTCHA-nı doldurmadan da növbəti mərhələyə keçid etməyin mümkünlüyü görünür. İkincisi, CAPTCHA-nın kodlarındakı hansısa rəqəmi seçdikdə real olaraq digər rəqəmin seçildiyi görünür.
Yeri gəlmişkən, qeyd etmək istərdim ki, MİDA-nın təhlükəsizlik məqsədilə CAPTCHA dəyişikliyi məqbul və ağlabatan hesab oluna bilər. Amma əgər yayılan videolarda qeyd olunanlar hansısa bir süni yaradılmış prosesin deyil, real satış prosesinin görüntüləridirsə, düşünürəm ki, prosesin obyektivliyi və şəffaflığından şübhələnmək üçün ciddi əsaslar yarana bilər. MİDA ağlabatan formada göstərməlidir ki, bu videolar süni yaradılmış prosesin görüntüsüdür, yoxsa real prosesin...
Beləliklə, bir daha vurğulamaq istərdim ki, MİDA-nın mənzil seçənlərin statistikasını açıqlamadan öncə həm "mənzil seçimində donma" , həm də "CAPTCHA" problemini daxil olan şikayətlər əsasında , mütəxəssislərin və kritik infrastruktura cavab verən qurumların iştirakı ilə araşdırması və cəmiyyətə ağlabatan bir açıqlama verməsi doğru olardı. Əks halda, bir daha vurğulamaq istərdim ki, bütövlükdə MİDA sisteminin özünün düzgün işləməsindən şübhələnmək üçün əsaslar yarana bilər".
Bu il Prezident İlham Əliyevin qərarına əsasən ilk dəfə jurnalistlər də güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyasına daxil edilib. Prosesdən narazı qalanlar arasında jurnalistlər də var və sosial mediada paylaşım edirlər.
Jurnalist Natiq Muxtarlı bildirib: "MİDA-nın sosial evlər layihəsində qeydiyyatdan keçərək bu gün baş tutan satış prosesində iştirak etdik. Müşahidəmi bölüşüm: start verilir, başlayırsan mərhələləri adlamağa. Mərhələləri keçdikcə, əlavə maneələr yaradılır. Müxtəlif rəqəmlər təqdim edilir və onları xanalara yerləşdirməlisən. Sonra onu təkrar yerləşdirməyi tələb edirlər, beləcə, vaxt itirə-itirə gəlib çıxırsan son mərhələyə, mənzili seçməyə. Hansı mənzili seçirsənsə “artıq tutulub” yazılır. Yəni belə proseslə sosial evlərə əlimizin çatması qeyri-mümkündür".
Vəssalam. Yəni MİDA prosesi elə proqramlaşdırıb ki, "tanıdığı" şəxslər istisna olmaqla, digərlərinə süni maneələr yaradılır və onların son mərhələyə çatması yubadılır. Beləcə, sənə anacaq ümid etmək qalır.
Jurnalist Elçin Mirzəyev qeyd edib: "Mən "MİDA-da ev seçə bilmişəm" yazanların bayaqdan profilinə girirəm, əksəriyyətində saxta profil olduğu dərhal bilinir. Kimlərsə trollar vastəsiylə mənzil seçiminə "ədalətli seçim" donu geyindirmək istəyir. Mənzillərin əksəriyyəti əvvəlcədən satılmışdısa və yaxud xakerlərə mane ola bilmədilərsə, bu komediyaya nə ehtiyac var idi? Bundan əvvəlki seçimdə düzgünlük olmuşdu. Hamı o seçimə görə həvəslənmişdi. Mənzillərin böyük qisminin qabaqcadan satıldığını, yaxud prosesdə yenə xakerlərin əli olduğunu dəqiq bilməsəm də, saxtakarlığın olduğuna şübhə etmirəm".
Məsələ ilə bağlı MİDA-ya müraciət etsək də, zəngimizə cavab verən olmadı.
Müəllif: Teleqraf.com