Xəzər rayonunda məktəbdə qalmaqal: Valideyn direktor tərəfindən məktəbdən qovulduğunu iddia edir
Xəzər rayonu Rəşid Baxışov adına 218 saylı tam orta məktəbdə valideynlə məktəb rəhbərliyi arasında ciddi qalmaqal yaşandığı iddia olunur.
Bu barədə AzTimes.az-a müraciət edən valideyn Günel Abdullayeva bildirib ki, oğlu Camal sözügedən məktəbin 5 “F” sinfində təhsil alır. Onun sözlərinə görə, 2026-cı ilin yanvar ayında azyaşlıya atası tərəfindən rəsmi atalıq verilib və bununla əlaqədar uşağın şəxsiyyət vəsiqəsində ata soyadı qeyd olunub. Bu dəyişiklik məktəb sənədlərində – sinif jurnalında və şagirdin rəqəmsal kabinetində də yenilənməni zəruri edib.Valideyn iddia edir ki, həmin vaxtdan etibarən dəfələrlə məktəb rəhbərliyinə və sinif rəhbəri Etibar Səmədova müraciət etsə də, məsələ həllini tapmayıb. Onun sözlərinə görə, nə məktəb rəhbərliyi, nə də sinif rəhbəri bu məsələyə ciddi yanaşıb.Günel Abdullayeva bildirir ki, 13 aprel 2026-cı il tarixində etdiyi son müraciət zamanı sinif rəhbəri Etibar Səmədov onunla kobud rəftar edib. İddiaya görə, müəllim valideynə qarşı hörmətsiz ifadələr işlədərək, uşağın problemləri ilə maraqlanmadığını açıq şəkildə bildirib.Baş verənlərdən narazı qalan valideyn məktəb direktoruna şikayət edib. Lakin onun iddiasına görə, direktor Əbülfət Bağırov məsələni araşdırmaq əvəzinə valideynə qarşı sərt mövqe sərgiləyib. Valideynin sözlərinə görə, direktor ona “uşağını bu məktəbdən çıxar”, “burada heç nə tələb edə bilməzsən” kimi ifadələr işlədərək məktəbi tərk etməsini tələb edib.Şikayətçi həmçinin qeyd edir ki, Etibar Səmədov sinif rəhbəri kimi üzərinə düşən vəzifələri yerinə yetirmir. Onun iddiasına görə, müəllim yalnız formal olaraq fəaliyyət göstərir, şagirdlərlə maarifləndirici iş aparılmır, sinifdə mühüm tarixi günlər və əlamətdar hadisələr barədə məlumat verilmir, şagirdlərə qarşı laqeyd münasibət hökm sürür.Valideynin sözlərinə görə, bu vəziyyətdən narazı olan digər valideynlər də dəfələrlə məktəb rəhbərliyinə müraciət edərək sinif rəhbərinin dəyişdirilməsini tələb ediblər.Məsələnin digər diqqətçəkən tərəfi isə məktəb direktorunun uzun müddətdir eyni vəzifədə qalması ilə bağlıdır. Bildirilir ki, mövcud qaydalara əsasən məktəb direktorlarının müəyyən müddətdən sonra yerdəyişməsi nəzərdə tutulsa da, Əbülfət Bağırov uzun illərdir bu vəzifədə fəaliyyətini davam etdirir.Qeyd edək ki, bu, adıçəkilən məktəblə bağlı ilk qalmaqal deyil. Təxminən üç il əvvəl məktəbin idman zalında şagirdlər arasında baş verən bıçaqlanma hadisəsi də ictimaiyyətdə geniş rezonans doğurmuşdu və günlərlə müzakirə edilmişdi.Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışdıq. Mövzu diqqətimizdədir və rəsmi açıqlamaları təqdim etməyə davam edəcəyik.
AzTimes.az