
Ey İsmayıl Şaha qəsdən şər deyənlər,
Atdığınız böhtanlardan utanmırsız?
Ey özünü alim sanıb döş döyənlər,
Etdiyiniz “sehr an”lardan utanmırsız?
Hay deyilən ermənilər bu cahanda,
Yalan-palan qəhrəmanlar uydururlar.
Beyinlərə yeridərək hər bir yanda,
Hətta saysız heykəllərin qoydururlar.
Elədirsə sizi nədir dingildədən?
Türk Babəkə, Şaha böhtan atırsınız.
Kimlərinsə diqtəsilə, ya bilmədən,
Düşmənlərin məqsədinə çatırsınız.
Deyim bilin, kimdir bizim ulu Babək,
İşğalçıya qan udduran Türk oğludur!
On illərlə barbarlarla döyüşərək,
Öz canını qurban verən görk oğludur!
Cəsur Babək iyirmi il zəfər çaldı,
İstəmədi Türk dönsün yad köləsinə.
Ömrü boyu azadlığa sadiq qaldı,
Ancaq özü düşdü satqın tələsinə.
Şaqqalanıb doğrananda Babək son an,
Döndü İslam ümmətinə Türk məkanı.
Dedi, “daim səninləyəm Azərbaycan!”
Dünya bizi saydı, qılınc müsəlmanı...
Böyük dövlət banisiydi Uzun Həsən,
Ağqoyunlu adlanırdı xanədanı.
Düşmənləri məğlub edib nəfəs kəsən,
Müdrikliklə qoruyurdu xanimanı.
Şah İsmayıl Uzun Həsən nəvəsiydi,
Düşmənləri susayırdı al qanına.
Onu gizli yetişdirən Lələsiydi,
Yavaş-yavaş çatdırırdı məqamına.
Şah İsmayıl on dördündə qurub tac-taxt,
Səltənətdə dövlət dili Türk diliydi.
Azərbaycan imperiya olan o vaxt,
Xətainin dövlətçilik təməliydi.
On dörd ildə on dörd ölkə fəth eləyib,
Birləşdirib Səfəvilər dövlətinə.
Hər tərəfdə yeniliklər tətikləyib,
Sahiblənib yad ellərin sərvətinə.
Şahın oğlu Təhmasib də bu ölkəyə,
Qırx altı il bəxş eləyib əmn-amanlıq.
Mədəniyyət qalxıb yüksək səviyyəyə,
Kimsə edə bilməyibdir bir yamanlıq.
Şah Abbas o Şahənşahın nəvəsiydi,
Həqarəti vardı, amma Türk dilinə.
Onu Türkə qənim kəsən həvəsiydi,
Dəyişdi dövlət dilini fars dilinə...
Nadir Şahın yaratdığı imperiya,
Uzanırdı Rusiyadan Hindistana.
Gözətçilər satıldılar yad fətvaya,
Şah yatarkən etdilər sui-qəsd ona.
Qüdrətli bir hökmdardı Şah Qacar da,
Ədalətlə möhür vurdu dövranına.
Qalib gəldi o da saysız savaşlarda,
Amma döndü sui-qəsdin qurbanına.
Ziddiyyətlər davam etdi əsrlərlə,
Yad əllərlə hissə-hissə parçalandıq.
Əfsuslar ki, biz doğrandıq kəsirlərlə,
Qonşulara yamaq kimi zor calandıq.
Bölündükcə xanlıqlara, bəyliklərə,
Elə bildik bizə heç kim bata bilməz.
Hər xan özün sultan seçdi bölüklərə,
Sandı kimsə hikkəsinə çata bilməz.
Xanlıqlara bölünəndən kədərliyik,
Yüz illərlə birləşməyə çalışdıq biz.
Millət kimi o tay-bu tay həmdərdliyik,
Yad dövlətlər tərkibində dolaşdıq biz.
Bu tərəfdən bizə qarmaq atdı ruslar,
İki faşizm arasında bölündük biz.
O tərəfdən aşa zəhər qatdı farslar,
Yarı burda, yarı orda köləndik biz.
Fətəli xan, İbrahim xan, .., quzeyimdə,
Müstəqillik istəyirdi hər gün, hər an.
Səttar xan da çalışırdı güneyimdə,
Birləşərək bütöv olsun Azərbaycan!
Sisiyanov Cavad xanı yenik saldı,
Məhv elədi Gəncə adlı xanədanı.
Bakı xanı Hüseynqulu qisas aldı,
O cəlladdan qorudu tam xanimanı.
Hüseynqulu xan zəfər çaldı ruslar üstə,
İrəvan da cəsədlərlə tamam doldu.
Beş general məğlub etdi dəstə-dəstə,
Yağmalanan lap sonuncu qalam oldu.
Rus işğalı hər tərəfə saldı lərzə,
Güc nisbəti yüz dəfə az oldu sayda.
Çox döyüşdü yağı ilə Abbas Mirzə,
Azərbaycan parçalandı Türkmənçayda.
Abbas Mirzə belə dərdə dözəmmədi,
Qəlbi qəfil viran oldu gənc yaşında.
Dağ başını dik tutaraq gəzəmmədi,
Adı qaldı Vətənimin hər daşında.
Millətimə ağır zərbə vurdu yağı,
Quzeyimi, güneyimi taladılar.
Araz çayı oldu yurdun sinə dağı,
El-obamı qızıl qana buladılar.
Qorumadıq yurdumuzu talanlardan,
Haqsızları Haqq yolunda əyirəm mən.
Zəhləm gedir yaltaq deyən yalanlardan,
Sözü üzə Məğrur kimi deyirəm mən.
Ey İsmayıl Şaha qəsdən şər deyənlər,
Atdığınız böhtanlardan utanmırsız?
Ey özünü alim sanıb döş döyənlər,
Etdiyiniz “sehr an”lardan utanmırsız?..
Yaqub Məğrur
12.08.2026-cı[
