Şəmkirin Qaracəmirli kəndində park baxımsız qalib. Bu barədə özünün sosial şəbəkə hesabında jurnalist Nuranə Abdullayeva etirazını ifadə edib.
O daha sonra fikrini belə davam etdirir: "Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən parkın baxımsız vəziyyəti yerli sakinlərin etirazına səbəb olub.
Sakinlərin sözlərinə görə, parkda əkilmiş ağaclar uzun müddətdir suvarılmır, yaşıllıqlara qulluq göstərilmir və əraziyə nəzarət edən yoxdur.
Onlar bildirirlər ki, yaşıllıqların qorunması ilə bağlı sərt nəzarətdən danışan aidiyyəti qurumlar parkın bu acınacaqlı vəziyyətinə biganə yanaşırlar. Sakinlər sual edirlər: İcra Hakimiyyəti və Yaşıllaşdırma xidməti hara baxır? Əgər bir ağacın kəsilməsinə görə dərhal cərimə tətbiq edilirsə, bəs onlarla ağacın baxımsızlıq və susuzluq ucbatından qurumasına niyə göz yumulur?
Qaracəmirli sakinləri hesab edirlər ki, parkın mövcud vəziyyəti məsul qurumların üzərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirmədiyini göstərir. Onlar aidiyyəti qurumları məsələni təxirəsalınmadan araşdırmağa, parkın bərpası və yaşıllıqların qorunması istiqamətində təcili tədbirlər görməyə çağırırlar..."(Dia-az)