Az qala hər gün mediada qalmaqallı hadisələrlə xatırlanan BŞTİ-nin adı daha çox məhkəmə çəkişmələrində, müxtəlif kriminal olaylarda hallandırılır. Adam bilmir nə desin, paytaxtın qosqoca təhsil idarəsi zamanın nəbzini tutaraq gündəmdə qalmağı bacarır. “Filan məktəb direktoru BŞTİ-ni məhkəməyə verdi”, “ Məhkəmə BŞTİ-nin hesablarına həbs qoydu”, “Paytaxt məktəbində əlbəyaxa dava” kimi xəbərləri oxuduqca təhsilimizin kosmik sürətlə irəlilədiyinin şahidi oluruq. Amma hara irəliləyir, bu artıq başqa söhbətin mövzusudur.
Elə bu yaxınlarda BŞTİ-nin bank hesablarına məhkəmənin qərarı ilə həbs qoyulması xəbəri günlərlə medyanın manşet xəbəri oldu. Direktorların , müavinlərin işə qəbulu bir tamaşadırsa, işdən çıxarılması başqa tamaşadır. 288 saylı məktəbdə baş verənlər əslində paytaxtın təhsil sistemi üçün bir utanc idi. Məktəbin direktor müavini qanunsuz olaraq işdən azad olunmuş, nəticədə iş Ali Məhkəməyə qədər gedib çıxmış və hüquqları pozulan müəllim işinə bərpa olunmuşdu. Hətta məhkəmə BŞTİ-nin bank hesablarına da həbs qoymuşdu. Düşünmək olardı ki, bəlkə bundan sonra paytaxtın təhsil sistemində yüksək mövqe tutan cənablar öz işlərində dönüş yaradarlar. Amma “BŞTİ-nin sözü bir olar” prinsipi ilə işləyənlər növbəti fiaskoya imza atıblar. Bu dəfə 98 saylı uşaq baxçasında baş verənlər tamaşanın növbəti pərdəsidir.
Yəqin ki, bir müddət öncə bağça tərbiyəçilərinin nəzarətində olan azyaşlılardan birinin qanında psixotrop maddə aşkarlandığı barədə məlumatları xatırlayırsınız. O zaman bu hadisəsosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Lakin aidiyyatlı qurumlar, polis orqanları tərəfindən aparılan araşdırmalarda bu hadisə öz təsdiqini tapmadı. Düşünmək olardı ki, yalan informasiyadır, çünki günümüzdə belə hadisələr tez-tez baş verir. Amma sən saydığını say, gör BŞTİ nə sayır. Yaranmış fürsəti dərhal dəyərləndirən BŞTİ yetkililəri, konkret olaraq Nərminə Hüseynova , Anar Qədimalıyev və baxçalardan yetkili olan Rəna xanım növbəti direktor ovuna start verdilər. Baxçanın direktoru Elnurə Əliyeva heç bir əsas olmadan vəzifəsindən azad olundu.
Verilən məlumatlarda bildirilir ki, BŞTİ rəhbərliyi 98 saylı baxçanı lap çoxdan gözaltı edibmiş. Bir kiçik bəhanə lazımmış ki, direktorla haqq-hesabı çürütsünlər. Baxçanın 2 hektara yaxın ərazisi var. Rəvadırmı bu boyda ərazini uşaqlara verəsən. Hər sotu milyonlar olan bu boyda ərazidə nələr etmək olmaz? Heç boşalan direktor yerinə yeni təyinatdan danışmırıq. Məşədi İbad demişkən bunun bir ambar toy xərci də var hələ...
Beləcə baş verənlərdən heç bir nəticə çıxarmayan BŞTİ növbəti “direktor əməliyyatı” keçirərək yeni bir qanunsuzluğa imza atıb. Baxmayaraq ki, 98 saylı körpələr evi-uşaq baxçasının ilk həmkarlar təşkilatı məsələni müzakirə edərək qərara etiraz edib. Eyni qərar ETİHİ Yasamal rayon Komitəsi tərəfindən də qəbul edilmiş, Elnurə Əliyevanın qüsursuz işləməsi, heç bir xəbərdarlıq, şiddətli töhmət almadan bir başa işdən azad olunması düzgün hesab edilməyib. Bildirilib ki, baş verən pozuntu baxça müdiri məzuniyyətdə olduğu dövrdə işçilər tərəfindən törədilib və E.Əliyeva həmin işçilərə töhmət verib və sistemdən kənar uşaqlar baxçadan kənarlaşdırılıb. Nəticədə ETİHİ Yasamal rayon Komitəsi E.Əliyeva ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddısinin “Ç” bəndinə əsasən xitam verilməsinə etirazını bildirib. Amma bütün bu etirazların heç bir nəticəsi olmayıb, nədən ki, “BŞTİ-nin sözü bir olar” prinsipi dəyişməzdir. Baxmayaraq ki, qərarın heç bir hüququ əsası yoxdur, E.Əliyevanın təqsiri sübut olunmayıb, o məzuniyyətdə olub, yenə də heç nə dəyişməyib. BŞTİ qanunlara məhəl qoymur, əməllərinə saxta don geyindirməklə öz bildiyini edir. Guya nöqsanlara qarşı tədbir görüldü görüntüsü yaratmaq adıyla daha böyük nöqsana yol verilir. Görünür BŞTİ artıq məhkəmə çəkişmələrinə bir növ adətkar olub. Yəqin bu dəfə məhkəmənin qərarı ilə İdarənin bütün hesabları dondurular. Ta o zamana qədər ki, onların qaranlıq əməllərinə gün işığı düşər, çox mətləblər aydınlığa çıxar....
MÖVZU DİQQƏTİMİZDƏDİR
Nicat Mahmudov