Bakıda qısamüddətli yağış ciddi fəsadlara səbəb olub. Cəmi 10 dəqiqə davam edən yağış paytaxtın bir neçə rayonunda küçə və yolları keçilməz vəziyyətə salıb.
Bizimesr.info xəbər verir ki, yağış nəticəsində Nizami, Sabunçu, Binəqədi və Xəzər rayonlarında bir sıra əraziləri su basıb. Yollarda böyük su gölməçələri yaranıb, avtomobillər suda qalıb, hətta təcili tibbi yardım maşınlarının da hərəkətində çətinliklər yaranıb.
Baş verənlər Bakının yağış sularının idarə olunması, drenaj və kanalizasiya sistemlərindəki problemləri bir daha gündəmə gətirib. Cəmi 10 dəqiqəlik yağışın belə paytaxtın müxtəlif ərazilərində bu cür mənzərə yaratması infrastrukturun mövcud vəziyyəti ilə bağlı ciddi suallar doğurur.
Maraqlıdır ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA), Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri bu problemin aradan qaldırılması istiqamətində hansı konkret tədbirləri görürlər?
Hər dəfə yağıntı zamanı eyni mənzərənin təkrarlanması göstərir ki, problemə yalnız hadisədən sonra müdaxilə etməklə həll tapmaq mümkün deyil. Paytaxtın drenaj və kanalizasiya infrastrukturu əsaslı şəkildə yenilənməli, su basan ərazilərdə qabaqlayıcı tədbirlər görülməlidir.
Bizimesr.info
VİDEO LİNKDƏ:
https://www.bizimesr.info/az/post/bakida-10-deqiqelik-yagis---yollar-kecilmez-oldu-avtomobiller-suda-qaldi-24165