
Abşeron Rayon Mərkəzi Xəstəxanasının Ümumi cərrahiyyə şöbəsində iş intizamı və tibbi geyim qaydalarının pozulduğu iddia olunur. Vətəndaş Vüqar Sadıqov xəstəxanada müşahidə etdiyi problemlərlə bağlı səhiyyə naziri Anar Bayramova və TƏBİB-ə müraciət edib.
Tribuna.az xəbər verir ki, Vüqar Sadıqov sosial şəbəkə hesabında paylaşdığı şikayətində ümumi cərrah Oruc adlı həkimin iş vaxtı şöbədə mülki geyimdə olduğunu bildirib. Onun sözlərinə görə, həkim özü ona yaxınlaşaraq qazi olduğunu da deyib.
Şikayətçi hesab edir ki, qazi statusuna hörmətlə yanaşsa da, bu, heç kimə müəssisədaxili qaydalardan kənara çıxmaq imtiyazı verməməlidir. O, həkimin tibbi geyim qaydalarına əməl etməməsinin səbəblərinin araşdırılmasını istəyir.
V.Sadıqov Ümumi cərrahiyyə şöbəsinin müdirinin tabeliyində çalışan əməkdaşlara nəzarət etməməsindən, eləcə də xəstəxananın Keyfiyyətə Nəzarət xidmətinin fəaliyyətindən narazılığını ifadə edib.
Vətəndaşın iddiasına görə, baş həkim də xəstələrin vəziyyəti, problemləri və göstərilən tibbi xidmətlərlə kifayət qədər maraqlanmır.
Şikayətçi qeyd olunan halların obyektiv araşdırılmasını və xəstəxanada qanunvericiliyin, iş intizamının bütün əməkdaşlara eyni qaydada tətbiq olunmasını tələb edir.
“Şəxslər dəyişə bilər, vəzifələr dəyişə bilər, lakin qanun hamı üçün eyni olmalıdır”, – deyə Vüqar Sadıqov paylaşımında vurğulayıb.
Qarşı tərəfi dinləməyə hazırıq.