“Azəri Med”in Milli Onkologiya Mərkəzinin iri həcmli satınalmalarında ardıcıl qalib olması ilə bağlı suallar yenidən gündəmdədir
“Azəri Med” Qapalı Səhmdar Cəmiyyətinin cari ilin ilk 7 ayında dövlət tibb müəssisələrindən aldığı sifarişlərin həcmi diqqət çəkir.
Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi tibb müəssisələrində istifadə olunacaq spesifik ləvazimat və sərfiyyat mallarının satın alınması üzrə tenderin nəticəsini açıqlayıb. Tenderin qalibi “Azəri Med” QSC seçilib və tərəflər arasında 422 min 26 manatlıq müqavilə imzalanıb.
Bu müqavilə ilə şirkətin 2026-cı il ərzində bağladığı satınalma müqavilələrinin sayı 11-ə çatıb. Həmin müqavilələrin ümumi maliyyə dəyəri isə 16 milyon 370 min 948,95 manat göstərilir.
Bu rəqəmlər “Azəri Med”in dövlət satınalmalarında aktivliyini bir daha gündəmə gətirir.
“Azəri Med” kimə məxsusdur?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Azəri Med” 2004-cü ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 8 milyon 255 min 510 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov küçəsi, 30F ünvanıdır. Hazırda qanuni təmsilçi Famil Vəli oğlu Rəhimlidir.
Şirkətin faktiki sahibinin Milli Məclisin deputatı Kəmaləddin Qafarov olması barədə isə illərdir mediada müxtəlif məlumatlar yayılır.
Bu iddiaların əsaslandırılması üçün bir sıra faktlar göstərilir. Belə ki, Famil Rəhimlidən əvvəl şirkətin qanuni təmsilçiləri arasında Qafarov Elman Cabbar oğlu və Qafarov Hüsaməddin Şəmsəddin oğlunun adları olub. Açıq mənbələrdə hər iki şəxsin deputat Kəmaləddin Qafarovla qohumluq əlaqələrinin olduğu sübut olunub.
Mediada daha əvvəl yayılan məlumatlarda “Azəri Med”in 2020-ci ilədək hüquqi ünvanının Bakı şəhəri, Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti, 65A, mənzil 155 olması da diqqətə çatdırılıb. Həmin ünvanda Kəmaləddin Qafarov və ailə üzvlərinin qeydiyyatda olublar.
“Azəri Med”in deputata məxsus olması barədə bu iddialar uzun müddətdir mediada dövr edir. Kəmaləddin Qafarovun isə şirkətin ona aid olması ilə bağlı iddiaları təkzib etmədiyi müxtəlif nəşrlərdə yazılıb. AzadlıqRadiosu da 2026-cı ilin iyulunda apardığı araşdırmada bu məsələyə toxunaraq deputatla əlaqə yaratmaq cəhdinin nəticəsiz qaldığını bildirib.
Əsas suallar isə Milli Onkologiya Mərkəzinin tenderlərindən yaranır
Kəmaləddin Qafarovla bağlı mediada yayılan iddiaların ən çox müzakirə olunan tərəflərindən biri onun Milli Onkologiya Mərkəzi ilə keçmiş əlaqələri və “Azəri Med”in bu qurumun tenderlərindəki mövqeyidir.
Qafarov deputat seçilməzdən əvvəl Milli Onkologiya Mərkəzində baş direktorun müavini vəzifəsində çalışıb. Bundan əvvəl isə uzun müddət “Azəri Med”də fəaliyyət göstərdiyi barədə məlumatlar yayılıb.
Məhz bu səbəbdən “Azəri Med”in Milli Onkologiya Mərkəzinin iri həcmli tenderlərində ardıcıl qalib olması mediada suallar yaradıb.
Rəqəmlər də diqqətçəkəndir.
2024-cü ilin mayında Milli Onkologiya Mərkəzi “Azəri Med”i 29 milyon 829 min 766 manatlıq tenderin qalibi elan edib.
2025-ci ilin mayında isə eyni şirkətlə 35 milyon 849 min 901,34 manatlıq müqavilə bağlanıb. Tender kimyəvi dərman preparatları, laboratoriya reaktivləri, sarğı materialları və digər tibbi ləvazimatların satın alınmasını əhatə edib.
2026-cı ilin iyulunda isə daha bir böyük müqavilə ortaya çıxıb. Milli Onkologiya Mərkəzi dərman preparatları, laborator reagentlər, sərf materialları və sarğı ləvazimatlarının alınması üçün “Azəri Med”lə 34 milyon 961 min 987 manatlıq müqavilə bağlayıb.
Beləliklə, yalnız 2024–2026-cı illərdə Milli Onkologiya Mərkəzinin “Azəri Med”lə bağladığı üç böyük müqavilənin ümumi məbləği təxminən 100,64 milyon manata çatır.
Üstəlik, tərəflər arasında 2-3 milyon manatlıq daha kiçik müqavilələr də var.
2026-cı ildə şirkətin hüquqi statusu da dəyişib
Bu ilin fevralında “Azəri Med”in təşkilati-hüquqi formasını dəyişdiyi açıqlanıb. Şirkət Qapalı Səhmdar Cəmiyyətindən Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilib.
Reyestr məlumatlarında şirkətin nizamnamə kapitalının 8 milyon 255 min 510 manat olduğu, qanuni təmsilçisinin isə Famil Rəhimli olaraq qaldığı göstərilir. Şirkətin əvvəlki təmsilçiləri arasında Qafarov soyadlı şəxslərin olması da mediada yenidən müzakirə mövzusuna çevrilib.
Kəmaləddin Qafarovun biznes fəaliyyəti ilə bağlı mediada yayılan iddialar yalnız “Azəri Med”lə məhdudlaşmır.
Müxtəlif illərdə yayılan yazılarda deputatla “Versal Palace” MTK, “Kanon” MMC, “Shafran” MMC, “Avestafarm” MMC, “Mega Pharmacy” MMC, “Naturalist” fərdi firması, “Helios Pharma” və “Salidont LTD” kimi şirkətlər arasında əlaqənin olduğu iddia edilib.
Mediada “Shafran” MMC-nin qanuni təmsilçisinin Qafarov Hüsaməddin Şəmsəddin oğlu olması da bu iddiaların əsas arqumentlərindən biri kimi təqdim olunub.
Bununla yanaşı, “Azəri Med”in “Zəfəran” apteklər şəbəkəsi və “Zəfəran Hospital”la əlaqəli olması barədə də əvvəlki illərdə müxtəlif məlumatlar yayılıb.
İddialar niyə yenidən gündəmə gəlib?
Məsələnin aktuallaşmasının əsas səbəbi “Azəri Med”in dövlət tibb müəssisələrinin satınalmalarında yüksək məbləğli müqavilələr əldə etməyə davam etməsidir.
Təkcə 2026-cı ilin ilk dörd ayında şirkətin 11 satınalma müqaviləsi üzrə 16,37 milyon manatlıq sifariş alması barədə məlumat yayılıb. Bunun ardınca isə Milli Onkologiya Mərkəzinin iyul ayında şirkətə 34,96 milyon manatlıq yeni müqavilə verməsi mövzuya əlavə diqqət çəkib.
Daha maraqlısı odur ki, “Azəri Med”in Milli Onkologiya Mərkəzinin iri tenderlərindəki üstünlüyü artıq bir neçə ildir davam edir. 2024-cü ildə 29,8 milyon, 2025-ci ildə 35,8 milyon, 2026-cı ildə isə 34a,96 milyon manatlıq müqavilələr eyni şirkətin qalib olduğu satınalmalar sırasındadır.
Bu mənzərə “Azəri Med”in tenderlərdə necə və hansı meyarlarla seçilməsi, şirkətin faktiki sahibinin kim olması və Kəmaləddin Qafarovun şirkətlə əlaqəsinin olub-olmaması barədə sualları yenidən gündəmə gətirir.
Mediada deputatın biznes fəaliyyəti ilə bağlı yayılan iddialar da məhz bu fonda diqqət çəkir.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyində deputatların sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına məhdudiyyətlər nəzərdə tutulur. Buna görə də “Azəri Med”in faktiki sahibinin kimliyi ilə bağlı məsələ təkcə kommersiya deyil, həm də ictimai maraq doğuran hüquqi məsələdir…(aktualinfo.net)