"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) Transxəzər nəqliyyat dəhlizinin Xəzər hissəsindəki dar boğazları aradan qaldırmaq üçün fider konteyner daşıyıcıları və "Ro-Pax" sinifli gəmilər hesabına donanmanın artırılması prosesini sürətləndirməlidir.
Bu barədə "Report" Dünya Bankının "İnteqrasiya: Transxəzər nəqliyyat marşrutu boyu yüksək səviyyəli ticarət logistikası" adlı hesabatına istinadən xəbər verir.
Dünya Bankının analitikləri vurğulayıblar ki, marşrutun Xəzər hissəsində yüklərin ləngiməsinin əsas səbəbi müntəzəm gəmiçilik əlaqəsinin olmaması və kiçik suya oturumu az olan ixtisaslaşdırılmış konteyner daşıyıcılarının çatışmazlığı olaraq qalır.
Bank ASCO-ya Qazaxıstan və Türkmənistanın dəniz operatorları ilə gəmilərin hərəkət cədvəlini razılaşdıraraq vahid fider donanması yaratmağı təklif edir. Ekspertlərin hesablamalarına görə, bu tədbir gəmilərin Ələt limanında emal üçün gözləyərkən boşdayanma müddətini 12 saatdan aşağı salmağa imkan verə bilər.
ASCO-nun strukturuna nəqliyyat donanmasından başqa, ixtisaslaşdırılmış donanma və gəmi təmiri müəssisələri də daxildir. Nəqliyyat donanması 56 gəmidən ibarətdir, onların arasında 23 tanker, 13 bərə, 16 quru yük gəmisi, 2 "Ro-Ro" sinifli gəmi və 2 "Ro-Pax" sinifli gəmi var.
İxtisaslaşmış donanmaya isə 21 kran gəmisi, 8 tanker, 3 təchizat gəmisi, 3 yedək gəmisi, 21 yedək-təchizat gəmisi, 6 liman yedəyi, 23 sərnişin gəmisi, 2 borudüzən gəmi, 5 yanğınsöndürən gəmi, 5 mühəndis-geoloji gəmi, 5 barja, 10 dalğıc gəmisi, 5 dibdərinləşdirən gəmi, həmçinin 83 xidməti və yardımçı gəmi daxil olmaqla, 200 gəmi daxildir.