Təhsildə hər yeni layihə cəmiyyətə yeni ümid vəd edir. Amma layihənin adının gözəl səslənməsi hələ onun uğurlu olduğu anlamına gəlmir.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun son illərdəki fəaliyyətinə nəzər salanda müxtəlif layihələrin, təşəbbüslərin, görüşlərin və təqdimatların kifayət qədər çox olduğunu görürük. Elnur Əliyevin direktor səlahiyyətlərini icra etdiyi dövrdə də müxtəlif istiqamətlər üzrə bir sıra layihələr təqdim olunub.
Məsələn, “İnnovativ məktəb” layihəsi müasir məktəb modelinin formalaşdırılması və idarəetmədə yeniliklərin tətbiqi məqsədi daşıyırdı. “Müasir metodik xidmətin təşkili” layihəsində isə məktəblərdə metodik dəstəyin gücləndirilməsi və metodistlərin hazırlanması hədəflənirdi. Kağız üzərində bütün bunlar kifayət qədər yaxşı səslənir.
Amma əsas sual məhz bundan sonra başlayır: nəticə haradadır?
Bu layihələrin hər birinə nə qədər dövlət vəsaiti ayrılıb?
Layihələrin ilkin smetası nə qədər olub, faktiki xərc nə qədər təşkil edib?
Satınalmalar hansı prosedurla həyata keçirilib?
İcraçı və podratçılar kimlər olub?
Layihələrin icra müddəti nə qədər olub?
Layihə başa çatdıqdan sonra onun nəticəsini ölçən obyektiv və müstəqil qiymətləndirmə aparılıbmı?
Məktəblərdə, müəllimlərdə və şagirdlərdə real dəyişiklik nə qədər olub?
Əgər layihənin məqsədi təhsilin keyfiyyətini artırmaqdırsa, bunun konkret göstəricisi hansıdır?
Ən əsası isə: dövlət büdcəsindən ayrılan vəsaitin qarşılığında cəmiyyət nə əldə edib?
Çünki təhsil idarəçiliyində tədbirin keçirilməsi nəticə deyil. Təqdimatın hazırlanması nəticə deyil. Görüşlərin keçirilməsi nəticə deyil. Layihənin adının dəyişdirilməsi də nəticə deyil. Nəticə məktəbdə görünməlidir. Müəllimin fəaliyyətində hiss olunmalıdır. Şagirdin göstəricilərində özünü göstərməlidir.
Məhz buna görə Elm və Təhsil Nazirliyinin rəhbərliyi qarşısında çox sadə, lakin ciddi suallar qoyulmalıdır: Elnur Əliyevin rəhbərliyi dövründə həyata keçirilən layihələrə nə qədər vəsait xərclənib və həmin vəsaitin qarşılığında konkret hansı nəticələr əldə olunub?
Əgər nəticələr varsa — açıqlansın.
Əgər nəticələr ölçülməyibsə — niyə?
Əgər ölçülüb, amma ictimaiyyətə təqdim edilməyibsə — niyə?
Əgər layihələrə milyonlarla vəsait ayrılıbsa, cəmiyyət həmin pulların hansı nəticəyə çevrildiyini bilməlidir. Çünki dövlət vəsaiti ilə həyata keçirilən layihələr şəxsi uğur hekayəsi deyil. Bu, cəmiyyət qarşısında hesabat məsələsidir. Və artıq “layihə həyata keçirdik” demək kifayət etmir. Cəmiyyət soruşur: nə qədər xərclədiniz və nə dəyişdi?
Bu sualın cavabı isə növbəti araşdırmamızın əsas mövzusu olacaq.
Təhsil Media