“Sizin Lombard” brendi ilə fəaliyyət göstərən “GL” ASC-nin sahibinə 2026-cı ilin ilk yarısında ödənilən dividendin məbləği məlum olub.
Lombard şirkəti 2026-cı ilin birinci yarımilliyində səhmdarına 3 milyon 216 min 347 manat dividend ödəyib.
Şirkət sözügedən dövrdə 3 milyon 850 min 943 manat xalis mənfəət əldə edib. Dividend ödənişinə baxmayaraq, “GL” ASC-nin cəmi kapitalı 2025-ci ilin ilk yarısındakı 3 milyon 441 min 746 manatdan 2026-cı ilin ilk yarısında 4 milyon 108 min 921 manata yüksəlib.
Fərman Quliyev 2016-cı ildən “Sizin Lombard” brendi ilə fəaliyyət göstərən, qızıl girovu ilə qısamüddətli kreditlər verən “GL” ASC-nin səhmlərinin 100 faizinin yeganə sahibidir.
2024-cü ildən 2026-cı ilin ilk yarısınadək Fərman Quliyevin dividend gəliri 10 milyon manatdan çox olub.
Belə ki, şirkət 2025-ci ilin nəticələri üzrə Fərman Quliyevə 3 milyon 743 min manat dividend ödəyib. 2024-cü ilin nəticələrinə görə isə bu məbləğ 3 milyon 105 min manat olub.
Qeyd edək ki, Quliyevlər ailəsi uzun illərdir bank sektorunda fəaliyyət göstərir. Atası Quliyev Eldar Elman oğlu “Para Bank”ın sahibi olub. “Parabank” ASC-nin lisenziyası 2016-cı ildə ləğv edilib, lakin sonradan bank yenidən təşkil olunaraq bank olmayan kredit təşkilatına (BOKT) — “Para” BOKT-a çevrilib.
BOKT-un nizamnamə kapitalı 38 milyon 887 min manatdır. Onun səhmlərinin 17 faizi Eldar Quliyevə, 15,5 faizi Alevtina Vəli qızı Quliyevaya, 10,95 faizi Əşrəf Səfərova, 10,95 faizi Faiq Səfərova, 9,8 faizi Tamilla Fərman qızı Hacıyevaya, 9,6 faizi Elnur Eldar oğlu Quliyevə, 9 faizi Vəli Eldar oğlu Quliyevə, 6 faizi Fərman Eldar oğlu Quliyevə, 3,4 faizi İbrahim Səfərova, 3,4 faizi Əvəz Səfərova, 3 faizi Rasim Poladova, 1,4 faizi isə digər şəxslərə məxsusdur.
Operativ.az