Naxçıvandakı “Nati” Biskvit və Şokolad Fabrikinin yüzlərlə əməkdaşı ağır iş şəraitindən şikayətçidir. Onlar “
Gündəlik Naxçıvan”a bildirirlər ki, gündə 12–14, bəzən isə 16 saata qədər işləməyə məcbur edilirlər.
İşçilər şənbə günləri də çalışdıqlarını, uzun iş saatları ilə yanaşı maaşlarının da çox aşağı olduğunu deyirlər. Onların sözlərinə görə, maaşları üç ildir 400 manatdır, əlavə işlədikləri hər saata isə cəmi 1 manat ödənilir.
Əməkdaşlar bu şərtlərə etiraz edənlərin işdən çıxarıldığını, buna görə də çoxlarının işini itirmək qorxusundan susduğunu bildirirlər.
İşçilərdən N.B. deyir ki, əsas problem uzun iş saatlarıdır və bu rejim onları fiziki cəhətdən tükəndirir:
“Əsas problemimiz iş saatlarıdır. Bizi gündə 12–14 saat, elə vaxt olur 16 saat işlədirlər. Bu qədər işləyəndən sonra evə getməyə taqətimiz qalmır, sürünə-sürünə evə gedirik. Maaşımız da üç ildir 400 manatdır. Əlavə işlədiyimiz hər saata cəmi 1 manat yazırlar. İşçilər bu vəziyyətdən beziblər, amma etiraz etməyə də qorxurlar. Etiraz edən kimi işdən çıxarırlar. Ona görə çoxu məcbur qalıb susur, işləyir.”
Adının çəkilməsini istəməyən digər işçi isə problemin həll olunmamasında nəzarətsizliyin də rol oynadığını deyir. Onun sözlərinə görə, əmək şəraiti ilə bağlı şikayət etmək işçilər üçün əlavə risk yaradır:
“Əmək Müfəttişliyi niyə bu fabrikə nəzarət etmir, onu da anlamırıq. Ora şikayət edəndə fabrik şikayət edən işçinin kim olduğunu tapır və onu işdən çıxarır. Ona görə də insanlar şikayət etməyə qorxurlar. Fabrikdə təxminən 100–150 işçi çalışır. Fabrik ‘Ləzzət’ şirkətinə daxildir. Mən digər ‘Ləzzət’ şöbələrində vəziyyətin necə olduğunu bilmirəm, ancaq işlədiyimiz şokolad və biskvit fabrikində vəziyyət belədir. İstəyirik məsələ ictimailəşsin, bəlkə məsul şəxslər insafa gəlib bu vəziyyəti dəyişərlər.”
İşçilər aidiyyəti qurumlardan fabrikdə iş saatlarının, əməkhaqlarının və ümumi əmək şəraitinin yoxlanılmasını istəyirlər.