Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin yarıtmaz fəaliyyətindən, mövcud neqativ hallardan mediada dəfələrlə faktlara əsaslanan yazılar dərc olunub.
Səhiyyənin sabiq rəhbəri Samiq Sadıxov işdən azad olunandan sonra bölgə əhalisində azca da olsa ümid işığı yaranmışdı, lakin növbəti rəhbərliyin dövründə də problemlər dərinləşməkdə davam edir. Xüsusilə Culfa Regional Tibb Mərkəzi publik hüquqi şəxsinin fəaliyyətində baş verən özbaşınalıqlara və ağır korrupsiya faktlarına diqqət çəkilir.
Culfa Regional Tibb Mərkəzi PHŞ-in direktoru Zaur Səftər oğlu Həsənovun qanunazidd əməli ilə bağlı redaksiyamıza şok məlumatlar daxil olub. Belə ki, direktor öz doğmaca 87 yaşlı atasını tabeçiliyində olan Əbrəqunus Ailə Sağlamlıq Mərkəzinə bölmə müdiri təyin edib. Bu təyinat “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 7.1-ci maddəsinin tələblərini – yaxın qohumların bilavasitə tabelik münasibətində işləməsinə qoyulan məhdudiyyəti kobud şəkildə pozur.
Zaur Həsənovun qanunsuzluqları bununla bitmir. Məlumatda bildirilir ki, mərkəzin direktoru vətəndaşların sağlamlığı üçün dövlət tərəfindən ayrılan tibbi ləvazimatları mənimsəyir. Yaranan çatışmazlıqları və mənimsədiklərini ört-basdır etmək üçün isə tabeçiliyində olan xəstəxana işçilərinə pul yığdıraraq məcburi şəkildə dərman aldırır. İşçilər bu özbaşınalıqlara haqlı olaraq etiraz etsələr də, direktorun hədə-qorxuları ilə üzləşirlər.
Ən təhlükəli məqamlardan biri də xəstəxana işçilərinin iddialarına görə, direktor Zaur Həsənovun ağır dozada psixatrop dərmanlar qəbul etməsi və bu halda işə gəlməsidir ki, bu da həm kollektiv, həm də yerli əhali üçün real təhlükə yaradır. Lakin Naxçıvan Səhiyyə Nazirliyinin rəhbərliyi nədənsə bu qanunsuzluqlara, eləcə də korrupsiya faktlarına göz yumur.
Qeyd olunur ki, Zaur Həsənov Naxçıvan səhiyyəsini böhrana sürükləmiş sabiq nazir Samiq Sadıxovun yaxın qohumudur və məhz onun dövründə bu vəzifəyə təmtaraqla gətirilib.
Hüquq-mühafizə orqanlarının və Ali rəhbərliyin məlumatlandırılması üçün araşdırmalarımızı davam etdiririk.
nocomment.az