Azərbaycanın ən böyük tarixi qələbələrindən birinin qeyd olunduğu gündə ölkəmizdə fəaliyyət göstərən bir sıra beynəlxalq şirkətlərin sosial şəbəkə hesablarında tamamilə fərqli mənzərə müşahidə olunur.
Noyabrın 8-də Azərbaycanda Zəfər Günü qeyd edilir. Bu tarix xalqımız üçün yalnız təqvimdəki bayram günlərindən biri deyil, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin, şəhidlərimizin qəhrəmanlığının və Azərbaycanın ərazi bütövlüyünün bərpasının rəmzidir.
Lakin Azərbaycanda fəaliyyət göstərən, ölkəmizin geniş istehlakçı auditoriyasına sahib olan bəzi beynəlxalq şirkətlərin yerli nümayəndəliklərinin və distribütorlarının rəsmi sosial şəbəkə səhifələrinə nəzər saldıqda diqqətçəkən mənzərə ilə qarşılaşırıq.
Belə ki, “Coca-Cola”, “KFC”, “McDonald’s”, “BMW”, “Mercedes-Benz” kimi dünyaca məşhur brendlərin Azərbaycan üzrə rəsmi səhifələrində Zəfər Günü münasibətilə hər hansı təbrik və ya bu tarixi günə dair xatırlatma paylaşımı görünmür.
Adıçəkilən şirkətlərin sosial şəbəkə hesablarında yayımlanan digər məzmunlar, reklamlar, məhsul təqdimatları və kommersiya xarakterli paylaşımlar davam etsə də, Azərbaycanın Zəfər Gününə münasibətdə belə bir diqqət nümayiş etdirilməyib.
Təbii ki, şirkətlərin kommersiya fəaliyyəti ilə məşğul olması onların hər bir milli bayramla bağlı mütləq paylaşım etməsi öhdəliyi yaratmır. Ancaq illərdir Azərbaycan bazarında fəaliyyət göstərən, yerli istehlakçıların hesabına böyük kommersiya maraqları əldə edən beynəlxalq brendlərin yaşadıqları ölkənin ən mühüm tarixi günlərindən birinə münasibətdə susqunluğu suallar doğurur.
Məsələ təkcə bir təbrik mesajından ibarət deyil. Söhbət fəaliyyət göstərdikləri ölkənin cəmiyyətinə, tarixinə və milli dəyərlərinə münasibətdən gedir. Bu baxımdan həmin şirkətlərin susqunluğu ictimaiyyət tərəfindən laqeydlik kimi qiymətləndirilə bilər.
Xüsusilə “McDonald’s”ın adı bu mövzuda ayrıca diqqət çəkir. Belə ki, şirkətin Azərbaycan üzrə nümayəndəliyi 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycan Ordusuna dəstək məzmunlu paylaşımlar etmiş, lakin həmin postlar sonradan sosial şəbəkə hesablarından silinmişdi.
Bu hadisə təkcə Azərbaycanda deyil, beynəlxalq mediada da işıqlandırılmışdı. “McDonald’s” korporasiyasının nümayəndəsi yerli françayzinin sosial media məzmununu sildiyini təsdiqləmişdi.
“https://www.washingtonpost.com/world/2020/10/29/azerbaijan-mcdonalds-nagorno-karabakh/” (https://www.washingtonpost.com/world/2020/10/29/azerbaijan-mcdonalds-nagorno-karabakh/)Beləliklə, illər əvvəl Azərbaycan Ordusuna dəstək paylaşımının silinməsi ilə gündəmə gələn “McDonald’s” bu dəfə də Zəfər Günü ilə bağlı hər hansı paylaşım etməməsi ilə diqqət çəkir.
Bəs Azərbaycanda fəaliyyət göstərən və bu ölkənin milyonlarla istehlakçısına xidmət göstərən beynəlxalq şirkətlər üçün Zəfər Günü niyə diqqətdən kənarda qalır? Onlar fəaliyyət göstərdikləri ölkənin tarixi və milli əhəmiyyət daşıyan günlərinə münasibətdə daha həssas olmağı düşünmürlərmi?
Tribuna.az