Penitensiar Xidmətin Bakının Şüvəlan qəsəbəsində yerləşən 3 saylı İstintaq Təcridxanasının rəisi Cəlil Əliyevlə bağlı araşdırma aparılacaq.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, buna həmin təcridxanada saxlanılan məhkumun şikayəti səbəb olub.
Şikayətdə qeyd olunub ki, vətəndaş rəis müavinləri İlkin Şirinov və Rasim adlı şəxs tərəfindən rəis Cəlil Əliyevin xidməti otağının yerləşdiyi inzibati binanın qarşısına gətirilib. İddiaya görə, bu zaman Cəlil Əliyev onu pəncərədən söyərək təhqir edib.
Daha sonra həyətə düşən C.Əliyev məhbusun ağzına və gözlərinə bibər qazı vurulmasını tapşırmaqla yanaşı, onun başının arxasına rezin dəyənəklə zərbə endirib.
Hadisədən sonra məhbus üzqırxanın ülgüc hissəsi ilə özünə xəsarət yetirib.
Şikayətlə əlaqədar Xəzər Rayon Prokurorluğunda cinayət işinin başlanmasını rədd edilib. Şikayətçi bu qərarın ləğvi üçün məhkəməyə üz tutub. Xəzər Rayon Məhkəməsi iddianı təmin edərək prokuorluğun rədd qərarını ləğv edib və işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti üzrə göndərib.