Fəvvarələr Meydanı ərazisində fəaliyyət göstərən “Mr. Pepper” restoranı ilə əməkdaşlıq edən Ramiz Cəfərov gördüyü işlərin ödənişinin gecikdirildiyini iddia edir.
“Real Azərbaycan” xəbər verir ki, Ramiz Cəfərov məsələ ilə bağlı redaksiyamıza açıqlama verib.
O bildirib ki, restoran üçün video çəkilişləri həyata keçirib, ona verilən tapşırıqları tam şəkildə yerinə yetirib və hazırladığı materialları qarşı tərəfə təhvil verib.
Ramiz Cəfərovun sözlərinə görə, əməkdaşlığa başlamazdan əvvəl ona müqavilənin hazırlanacağı və təqdim ediləcəyi bildirilib. Lakin əməkdaşlıq başa çatana qədər hər hansı rəsmi müqavilə təqdim olunmayıb.
Şikayətçinin iddiasına görə, işlərini vaxtında və tam şəkildə yerinə yetirməsinə baxmayaraq, əməkdaşlığın başa çatmasından təxminən bir ay keçib, lakin gördüyü işlərin ödənişini hələ də ala bilməyib.
O qeyd edib ki, bu müddət ərzində dəfələrlə ödənişin “bu gün”, “sabah”, “bir saatdan sonra” və ya “birigün” ediləcəyi bildirilib. Lakin onun sözlərinə görə, vəd edilən ödəniş həyata keçirilməyib.
Ramiz Cəfərov bildirib ki, heç kimdən əlavə bir şey tələb etmir və yalnız gördüyü video çəkilişlərinin razılaşdırılmış ödənişinin verilməsini istəyir.
O, məsələnin şəxsi münaqişəyə çevrilməsini istəmədiyini və məqsədinin yalnız yaranmış vəziyyətə aydınlıq gətirilməsi olduğunu vurğulayıb.
“İş görülüb. Materiallar təhvil verilib. Əməkdaşlıq başa çatıb. Ödəniş isə hələ də yoxdur”, – deyə Ramiz Cəfərov bildirib.