Gəncə Apellyasiya Məhkəməsində dələduzluq və hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Elnur Abdullayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayətləri qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü cəzaya aid hissədə dəyişdirilib, ona təyin edilən 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 il 6 aya endirilib.
İttihama görə, Elnur Abdullayev İlham Ağayevə Fövqəladə Hallar Nazirliyində işləyən tanışının olduğunu və həmin qurumda xidmətə qəbul məsələsində köməklik göstərə biləcəyini bildirib. O, İlham Ağayevin qohumunu Fövqəladə Hallar Nazirliyində işə düzəldəcəyini vəd edib.
Təqsirləndirilən şəxs bu vədini yerinə yetirmək niyyətində olmadığı halda İlham Ağayevə yalan məlumatlar verərək onu aldadıb və 2021-ci ilin iyul ayının ortalarında Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində ondan 4 000 manat alıb.
Bundan sonra, o, həmin ayın sonlarında yenidən Quzanlı qəsəbəsi ərazisində İlham Ağayevin göndərdiyi taksi sürücüsü vasitəsilə daha 4 000 manat nağd pul götürüb.
İstintaqın və məhkəmənin materiallarına əsasən, bu vəsaitlər vahid niyyət çərçivəsində ələ keçirilib və nəticədə İlham Ağayevə ümumilikdə 8 000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurulub.
Təqsirləndirilən şəxsin digər epizodu isə Ağdam Rayon İcra Hakimiyyətində baş memar vəzifəsində çalışan S.S.-lə (adı, soyadı şərtidir) bağlı olub. O, 2023-cü ilin iyun ayında həmin şəxsin xidməti fəaliyyəti ilə əlaqədar “Facebook” sosial şəbəkəsində hazırladığı videoçarxları paylaşıb. Daha sonra isə həmin xarakterli digər videoları da sosial şəbəkədə yayımlayacağı və bununla S.S.-in nüfuzuna xələl gətirəcəyi barədə hədə-qorxu ilə ondan 2 000 manat tələb edib. Elnur Abdullayev tələb etdiyi pulu müxtəlif vaxtlarda hissə-hissə almaqla, ümumilikdə 2 000 manat əldə edib.
Bundan başqa, təqsirləndirilən şəxs 2024-cü ilin fevralında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və Təbii Sərvətlər İdarəsində müfəttiş vəzifəsində çalışan D.D.-in xidməti fəaliyyəti ilə bağlı “Facebook” sosial şəbəkəsində videoçarx yayımlayıb. Daha sonra onunla bağlı rüsvayedici xarakterli digər videoları da paylaşacağı və D.D.-nin nüfuzuna xələl gətirəcəyi hədəsi ilə 500 manat tələb edərək alıb.
Digər epizod isə 2024-cü ilin may ayına aiddir. Elnur Abdullayev Ağdam Rayon Mexaniki Suvarma İdarəsinin rəisi vəzifəsində çalışan T.T.-nin xidməti fəaliyyəti ilə bağlı “Facebook” sosial şəbəkəsində İ.Rüstəmovun iştirakı ilə hazırladığı videoçarxı yayımlayıb. O, həmin xarakterli digər videoları da paylaşacağı və T.T.-nin nüfuzuna xələl gətirəcəyi ilə hədələyərək 500 manat tələb edib. Pulun 2024-cü ilin may ayının əvvəllərində Ağdam rayonu ərazisində tanışı İ.Rüstəmov vasitəsilə tələb edildiyi qeyd olunub.
Daha sonra o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Abdullayevə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Təqsirləndirilən şəxsin əməlləri Cinayət Məcəlləsinin 178.2.4 və 182.2.2-ci maddələri ilə tövsif edilib.
Birinci instansiya məhkəməsinin hökmündən müdafiəçi apellyasiya şikayəti verib. Müdafiəçi hökmün ləğv edilməsini, Elnur Abdullayevin əməlinin Cinayət Məcəlləsinin 178.2.4 və 182.2.2-ci maddələrindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif olunmasını və onun barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş edib.
Məhkum da ayrıca apellyasiya şikayəti verərək iş üzrə yenidən məhkəmə istintaqının keçirilməsini və ədalətli hökm çıxarılmasını istəyib.