Dünən təhsil sahəsində çalışan şirkət bu gün heç bir izah verilmədən tikinti şirkətinə çevrilib.
Elm və Təhsil Nazirliyinin tabeliyindəki qurumların dövlət satınalmaları və STEAM layihələrinə ayrılan milyonlarla manatlıq vəsait ətrafında suallar və müəmmalar getdikcə artır. Apardığımız əvvəlki araşdırmalar, dövlət reyestri məlumatları, əsaslı şübhələr yaradan tender əməliyyatları, ortada son dayanacağı bilinməyən milyonlarla vəsaitin dövr etməsi və bu prosesdə iştirak edən şirkətlərin fəaliyyətinin təhlili göstərir ki, Elm və Təhsil Nazirliyinin yuxarı eşelonunda formalaşan şəbəkə var – bu şəbəkənin iradəsi ilə dövlətin təhsil büdcəsini dağıtmaq üçün mürəkkəb mexanizm qurulub.
Bir şirkət, iki profil – Dövlət pullarına gedən yol…
Təhsil və innovasiya adı altında fəaliyyət göstərən bəzi şirkət və layihələrin profili zamanla müəmmalı şəkildə dəyişir. Daha dəqiq desək, dünən təhsil sahəsində çalışan şirkət bu gün heç bir izah verilmədən tikinti şirkətinə çevrilir. Həmin şirkətlərin sosial şəbəkə hesablarında aparılan dəyişikliklər və əldə etdiyimiz məlumatlar bu transformasiyanın təsadüf olmadığını ortaya çıxarır.
Dövlət büdcəsini talayan şirkətlər – “ROBOSPACE” MMC və “İSTEAM” MMC
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi reyestr çıxarışlarından görünür ki, “İSTEAM” MMC (VÖEN: 1504688781) 31 iyul 2019-cu ildə qeydiyyata alınıb. Təsisçisi və qanuni təmsilçisi Məmmədov Zamiq Əlövsət oğludur (Elm və Təhsil naziri Emin Əmrullayevin sinif yoldaşı).
“İSTEAM” MMC həm də 23 may 2024-cü ildə qeydiyyatdan keçmiş “Robospace” MMC-nin (VÖEN: 1506802461) nizamnamə kapitalındakı 2 təsisçidən biridir (1 pay). Digər təsisçi isə Məmmədov Namiq Əlövsət oğludur (1 pay).
Qanuni təmsilçisi isə Məmmədov Zamiq Əlövsət oğludur.
Rəsmi sənədlərdə Məmmədov qardaşlarının adları keçir, amma bu şirkətlərin faktiki idarəçiliyinin və biznes strategiyasının nazir E.Əmrullayevin qaynı Nihad Hənifəyev tərəfindən həyata keçirildiyi şübhə doğurmur.
“Robospace” təlim mərkəzidir, yoxsa tikinti şirkəti?
“Robospace” MMC fəaliyyətə başladığı dövrdə “Robospace İnnovativ Təlim Mərkəzi” kimi təqdim olunub. Şirkət 5-17 yaşlı uşaqlar və yeniyetmələr üçün STEAM, LEGO, VEX IQ, robototexnika və mühəndislik dərsləri təşkil edib. Şirkətin “@robospace.cit” sosial şəbəkə hesabında isə 8 mindən çox valideyn və məktəblidən ibarət auditoriya formalaşıb.
Lakin sonrakı mərhələdə şirkətin fəaliyyət istiqaməti kəskin şəkildə dəyişib. Sosial şəbəkə hesabında yayımlanan rəsmi açıqlamadan sonra “Robospace” təhsil və robototexnika ilə bağlı fəaliyyətini dayandıraraq, tikinti sahəsinə keçdiyini elan edib.
Sual çox sadədir: təhsil və STEAM mərkəzi kimi tanınan bir şirkət necə oldu ki, qısa müddətdə fəaliyyət profilini dəyişərək tikinti şirkətinə çevrildi?
Tikinti sahəsinə keçid elanından sonra Instagram hesabının adı @avenza.co.az olaraq dəyişdirilib, profilin təsvirinə isə “Tikinti, Memarlıq, Layihə idarəetməsi” yazılıb. Lakin əvvəlki fəaliyyətin izləri tam silinməyib. Hesabda hələ də “Robospace İnnovativ Təlim Mərkəzi, Baku, Azerbaijan” keçidi və əvvəlki telefon nömrəsi saxlanılıb.
Bununla yanaşı, yeni fəaliyyət istiqamətini təqdim etmək üçün avenza.co.az saytı yaradılıb. Saytda “Avenza” “Modern Construction Company” kimi təqdim olunur. Lakin saytın texniki məlumatlarında WordPress administrator müəllifi kimi raileyyubov@gmail.com elektron poçt ünvanı görünür. Rail Eyyubovun isə dünənə qədər “Robospace” MMC-nin SMM meneceri olması heç kəsə sir deyil.
@robospace.cit sosial media hesabı birbaşa rebranding prosesindən keçərək @avenza.co.az adı altında fəaliyyətini tikinti və memarlıq brendi kimi davam etdirir.
Həm “Robospace”in təlim mərkəzi profillərində, həm də avenza.co.az saytında eyni əlaqə nömrəsindən (+994 10 310 03 53) və ünvan məlumatlarından istifadə olunur.
Burada diqqət çəkən əsas məqam isə budur: həmin elektron poçt ünvanının sahibi Rail Eyyubov daha əvvəl “Robospace” MMC-də SMM meneceri kimi fəaliyyət göstərib. Yəni, söhbət tamamilə yeni və kənardan ortaya çıxmış bir şirkətdən deyil, “Robospace”in əvvəlki fəaliyyəti ilə yeni “Avenza” brendi arasında görünən əlaqədən gedir.
Bütün bu faktlar belə bir suala cavab axtarır: “Robospace”in təhsil və STEAM fəaliyyəti bitdikdən sonra onun sosial media hesabı, auditoriyası, əlaqə məlumatları və əvvəlki komanda üzvlərindən biri yeni tikinti şirkətinin təqdimatında niyə görünür?
Təhsil kursunun və minlərlə izləyicisi olan sosial media hesabının qəfildən “Avenza Modern Construction” adlı tikinti brendinə çevrilməsi bir sıra suallar və iddialar yaradır.
Nazir və dostları birləşərək təhsil mərkəzini tikinti şirkətinə çeviriblər. Niyə? Məktəb tikmək üçün. Nə üçün məktəb tikintintisi? Çünki orada daha böyük pullar var, dövlət büdcəsindən tikintiyə ayrılan vəsaitin həcmi daha böyükdür.
Etibarlılığı şübhə doğurmayan mənbələrdən əldə olunan məlumatlara görə, “Avenza” artıq şimal bölgələrində bir neçə məktəbin təmirinə başlayıb. Halbuki, şirkətin tikinti sahəsində əvvəlki təcrübəsi barədə heç bir açıq məlumat yoxdur. Təhsil kursu kimi fəaliyyət göstərən şirkət necə olub ki, dövlətin tikinti-təmir layihələrinə çıxıb?
Minlərlə valideyn və şagird təəccüb içindədir – Onlar niyə aldadılır?
Minlərlə valideyn və şagirdin izlədiyi “Robospace” hesabı indi tikinti şirkətini reklam edir. Dünən robototexnika, bu gün isə tikinti. Qəribədir, deyilmi?
STEAM avadanlıqları ilə bağlı ortaya çıxan sualların ardınca tikinti-təmir tenderlərinin də eyni çevrəyə yönəldilməsi ehtimalı ciddi araşdırılmalıdır.
Adı çəkilən şirkətin tikinti-inşaat sektorunda heç bir təcrübəsi yoxdur. Nihad Hənifəyevin təlim kursları üzərindən qazandığı “təcrübə” bu dəfə təmir-tikinti büdcələrinə çıxış əldə etmək məqsədilə inşaat sektoruna yönəldilib. O, kürəkənin mövqeyindən istifadə edərək daha da varlanmaq niyyətinə düşüb. Əlbəttə ki, bu işdə ona nazirin yaxın çevrəsinə daxil olan digər vəzifəli şəxslər – Valeh Mirzalıyev, Turtal Ayvazlı, Elnur Əliyev və s. tam dəstək göstərirlər.
Dövlət reyestri sənədləri və sosial media dəyişiklikləri ciddi və əsaslı şübhələr yaradan mənzərəni ortaya qoyur. Düşünürəm ki, əvvəlki araşdırmalarla yanaşı, aidiyyəti orqanlar bu araşırmadakı materialları da nəzərə almalıdır. Söhbət böyük bir şəbəkədən gedir, o şəbəkədən ki, dövlət büdcəsi bu şəbəkəyə daxil olan bir qrup vəzifəli şəxs tərəfindən müxtəlif şirkətlər və layihələr vasitəsilə amansızcasına talanır.
Təhsil sahəsinə aidiyyəti olmayan, nazirin yaxın çevrəsi və qohumlarından təşkil olunan şəbəkə ölkə təhsilinə ayrılan milyonlarla manatlıq vəsaitlərə çıxış əldə etmək üçün mümkün olan və olmayan bütün metodlardan istifadə edir.
Müəllif: Samir Feyruzov
Tribuna.az