Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan qurumlardan biri abadlaşdırma və yaşıllaşdırma işləri ilə bağlı növbəti satınalma müsəbəsinə yekun vurub.
32gun.az-ın verdiyi məlumata görə, "Botanika İnstitutu" Publik Hüquqi Şəxsi abadlaşdırma xidmətinin satın alınması məqsədilə "Yaşıl Vadi-RMP" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.
Tərəflər arasında bağlanmış satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 22.703,2 AZN (22.7 min manat) təşkil edir.
80 hektar sahənin şumlanması, damcılı suvarma və gartenziyalar
Müqavilənin şərtlərinə və texniki tələblərə əsasən, ayrılan vəsait hesabına İnstitutun Bakıətrafı və regionlardakı dayaq məntəqələrində müxtəlif təyinatlı kənd təsərrüfatı və abadlıq işləri həyata keçiriləcək.
Görüləcək işlər sırasına İnstitutun həyətyanı sahəsinə minimum 30 sm hündürlüklü gartenziya güllərinin (50 ədəd) əkilməsi, Kürdəmir rayonunun Karrar dayaq məntəqəsinin 80 hektar əkin sahəsinin traktorla şumlanması və 2 dəfə malalanması, Abşeron rayonunun Saray qəsəbəsində yerləşən dayaq məntəqəsinin 2 hektar ərazisinə damcılı suvarma sisteminin qurulması, əraziyə yanmış peyinin daşınıb verilməsi (120 kubmetr), minimum 0.4 metr hündürlükdə qarışıq qızılgül kollarının (350 ədəd) və 1 metr hündürlükdə Eldar şamlarının (250 ədəd) alınıb əkilməsi, eləcə də 1 hektar ərazinin sinklənmiş metal torla hasarlanması daxildir.
20 manatlıq kapital və vergi borcu
32gun.az-ın əldə etdiyi digər əsas məlumata görə, qalib şirkətin dövlət büdcəsinə 13.258 AZN məbləğində vergi borcu mövcuddur.
Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mirzəğa Əliyev küçəsi, ev 4, dalan 6 ünvanında yerləşən "Yaşıl Vadi-RMP" MMC-nin nizamnamə kapitalı cəmi 20 AZN, qanuni təmsilçisi isə Rüfət Axundov Arif oğludur.
Xatırladaq ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutu Publik Hüquqi Şəxsinin rəhbəri baş direktor, biologiya elmləri doktoru, professor Səyyarə Cəmşid qızı İbadullayevadır.