Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan “Bakı 4 №-li Yol İstismarı” MMC-nin rəhbəri Fazil Musayevin işçilərin pulunu ödəmədiyi iddia olunur.
Tribuna.az-a bu barədə şikayətçi Nizam Mustafayev məlumat verib.
O bildirib ki, Fazil Musayev onun haqqını ödəməkdən boyun qaçırır:
“Yasamal rayonunda yerləşən “Royal Park”ın yanı, sosial evlərə gedən yolun çəkilişi üçün Fazil Musayev məndən ağır tonnajlı maşın istəmişdi. Mən də əvvəlcədən danışdığımız məbləğə əsasən maşını verdim. Lakin bu günə qədər də pulumu verməyib”.
Qeyd edək ki, Fazil Musayevin adı mediaya yad deyil. Onun adı müxtəlif qalmaqallarda hallanıb.
Belə ki, havaya qatı və kəskin qoxulu tüstünün buraxılmasına görə Fazil Musayevin “Bakı 4 №-Li Yol İstismarı” MMC-sinə məxsus Balaxanı asfalt zavodu bir neçə dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xəbərdarlıq edilərək cərimələnib.
ETSN-nin xəbərdarlıq və cərimələrinə baxmayaraq, Fazil Musayev havaya qatı tüstü buraxan və havanı zəhərləyən asfalt zavodunu işlətməkdə davam edir.
Qeyd edək ki, “Bakı 4 №-Li Yol İstismarı” MMC rəhbəri Fazil Musayev AAYDA-nın keçmiş İdarə Heyətinin sədri Saleh Məmmədova yaxınlığı ilə tanınıb.
İddialara əsasən, məhz bu yaxınlığa görə Fazil Musayev dövlət vəsaitləri hesabına istehsal olunan asfaltın qanunsuz satışını da həyata keçirib.
Xatırladaq ki, iyul ayında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus bir sıra yol istismar qurumları ləğv olunduğunu elan edilsə də, siyahıda “Bakı 4 №-li Yol İstismarı” MMC-nin adı yox idi.