Neftçaladakı ekoloji fəlakətin miqyası daha böyükdür və hazırda fəlakətə göz yuman qurumlar məsuliyyətdən yayınmağa çalışırlar.
Xəbər verdiyimiz kimi, Neftçala şəhərində 1000-ə yaxın şam ağacı quruyub.
Bu ekoloji fəlakət barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmi açıqlama yaymasa da, Nazirliyin mətbuat katibliyindən Poliqon-a bildiriblər ki, ETSN-nin yerli nümayəndəsinin verdiyi rəyə görə, ağaclar xəstəlikdən quruyub.
ETSN-in mətbuat katibi İradə İbrahimova bizə bildirib ki, şam ağaclarının kütləvi şəkildə quruması ilə bağlı Nazirliyin yerli şöbəsinin hazırladığı rəy artıq əlaqədar qurumlara təqdim edilib və Kənd Təsərrüfatı Nazirliyi ilə əldə olunan razılığa əsasən qurumuş ağacların yerinə yeni tinglər əkiləcək.
İradə İbrahimova onu da qeyd edib ki, ETSN-nin regional şöbəsinin əməkdaşı olan Fərid adlı şəxs bizimlə əlaqə saxlayacaq və ağacların kütləvi şəkildə qurumasının səbəbi ilə bağlı bizə ətraflı məlumat verəcək. Lakin aradan bir neçə gün keçməsinə baxmayaraq, ETSN-nin yerli nümayəndəsi bizimlə əlaqə saxlamayıb.
Xatırladaq ki, sözügedən şam ağacları ötən əsrin 50-ci illərində əkilib və onların yerinə əkiləcək tinglərin böyüməsi üçün onilliklər lazımdır. Qeyd edək ki, Neftçala şəhəri şoranlıq və qumsal ərazidə yerləşdiyi üçün yeni tinglərin yetişdirilməsinə daha çox zaman, eyni zamanda daha çox əmək və vəsait sərf ediləcək.
Bəs doğrudanmı ağaclar xəstəlikdən yanıb məhv olublar?
Əgər ETSN-nin iddia etdiyi kimi, 1000-ə yaxın ağac xəstəlikdən məhv olsa belə, bu, əlaqədar qurumları məsuliyyətdən azad etmir. Çünki o ağaclar bir neçə ayda tələf olmayıb, proses 3-4 il davam edib. Bəs bu müddətdə ETSN, xüsusən də Neftçalada abadlıq, təmizlik və yaşıllaşdırma işləri ilə məşğul olan yerli təşkilatlar hara baxıblar? Niyə vaxtında xəstəliyin qarşısını almaq üçün tədbirlər həyata keçirilməyib?
Biz həmin qurumlara müraciət edir və tələb edirik ki, əgər ağacların quruması ilə bağlı hər hansı bir tədbir görülübsə, həmin tədbirlərlə bağlı ictimaiyyətə məlumat versinlər. Yox, əgər 3-4 il ərzində heç bir tədbir görülməyibsə və ancaq ağaclar yandıqdan sonra hansısa xəstəlik barədə rəy hazırlanıbsa, o zaman bu, cinayət məsuliyyəti yaradır. Çünki söhbət bir şəhərdə yaşıllığın tamamilə məhv edilməsindən gedir.
Ola bilər ki, bu, səhlənkarlıq olsun, ya da qəsdən vəzifəli şəxslər tərəfindən ağacların kütləvi qurumasına göz yumulub. Bütün hallarda araşdırma aparılmalı və məsul şəxslər cəzalandırılmalıdır.
Əslində nə baş verib?
Yerli sakinlər bildirirlər ki, təqribən 5 il əvvəl Neftçalada kanalizasiya sistemi yenidən qurulub. Yeni kanalizasiya sistemi torpaqdakı suyu və nəmi çəkib apardığına görə, ağaclar susuzluqdan yanıb tələf olublar. Fəlakətin qarşısının alınması üçünsə, ağaclara vaxtlı-vaxtında su verilməsi lazım olub. Lakin son 3-4 il ərzində həmin ağaclar bir dəfə də olsun sulanmayıb. Bu da yerli icra orqanının birbaşa səhlənkarlığının göstəricisidir.
“Biz bu illər ərzində H. Əliyev prospektində şam ağaclarının sulanmasını heç bir dəfə də görməmişik. İsti yay aylarında ayrı-ayrı sakinlər dəfələrlə İcra Hakimiyyətinə və yerli ekologiya idarəsinə ağacların quruması ilə bağlı müraciət etsələr də, heç bir tədbir görülməyib. Hətta bəzi sakinlər ETSN-nin yerli şöbələrinə rəsmi müraciət etdiklərini də bildiriblər. Lakin bütün müraciətlər cavabsız qalıb”, – deyə yerli sakinlərdən biri Poliqon-a bildirib.
İkitərəfli qazanc yeri
Artıq Neftçalanın mərkəzi prospekti boyunca uzanan və bir zamanlar Neftçalanın əsas yaraşığı olan şam ağaclarının kəsilməsinə başlanılıb. Kəsilən ağacların isə doğranaraq taxta kimi satışa çıxarılacağına heç kim şübhə eləmir.
“60-70 illik nadir şam ağaclarının qurumasından icra başçısı və ətrafı yaxşı qazanc əldə edəcək. Həm ağaclar mişar sexlərində doğranaraq satışa veriləcək, həm də şəhərin mərkəzində ağaclardan təmizlənən torpaq sahəsi satılacaq”, – deyə yerli sakin bizə bildirib.
Sakinlər iddia edirlər ki, hazırda kəsilən ağacların yerləri çoxdan satılıb və Neftçala bələdiyyəsi tərəfindən sənədləşdirilib.
Biz bu iddiaların nə qədər doğru olub-olmadığını bilmirik. Lakin əlaqədar qurumların, o cümlədən rayon prokurorluğunun bu iddiaları yoxlaması çox asan məsələdir…
Poliqon.info