Xəzər rayonunun Türkan qəsəbə sakinləri aidiyyəti qurumlara müraciət ünvanlayıb. Onlar qəsəbəni Əhmədli istiqaməti ilə birləşdirən 218 nömrəli müntəzəm marşrut avtobusunun hərəkət intervalının artırılması və sərnişinlərə xidmət şəraitinin ağırlaşması ilə bağlı ciddi narazılığını dilə gətirib.
Musavat.com-un xəbərinə əsasən, müraciətdə qeyd olunur ki, 218 nömrəli marşrut xətti ilk dəfə istismara veriləndə xətt üzrə 13 ədəd avtobus fəaliyyət göstərirdi və nəqliyyat vasitələri təxminən 12 dəqiqəlik intervalla hərəkət edirdi.
Həmin dövrdə sərnişin daşınması kifayət qədər operativ və rahat təşkil olunduğundan Türkan sakinlərinin hər hansı narazılığı yox idi. Lakin hazırda vəziyyət kökündən dəyişib. Belə ki, marşrut xəttində avtobusların sayı 13-dən 9-a endirilib, hərəkət intervalı isə təxminən 20 dəqiqəyə qədər uzadılıb.
Avtobuslardan hər hansı biri yanacaq (qaz) doldurmaq və ya digər zəruri səbəblərdən xətdən müvəqqəti ayrıldıqda isə gözləmə müddəti bəzən 40 dəqiqəyə çatır. Bu, onsuz da sıxlıq olan xətdə böyük çətinliklər yaradır.
Sakinlərin sözlərinə görə, gündəlik olaraq işə və dərsə gedən sərnişinlər dayanacaqlarda uzun növbələr gözləməli olurlar. Avtobusların tutumu tələbatı ödəmədiyindən insanlar bir-birinə sıxılmış vəziyyətdə, narahat və təhlükəsizlik baxımından arzuolunmaz şəraitdə səfər etməyə məcbur qalırlar. Qəsəbədə əhalinin sayı və gündəlik sərnişin tələbatı artdığı halda, avtobus sayının azaldılması vəziyyəti daha da dözülməz edib.
Müraciətdə məsələnin həlli üçün aidiyyəti qurumlardan 218 nömrəli Türkan–Əhmədli marşrut xəttində avtobusların sayı və hərəkət intervalının yenidən nəzərdən keçirilməsi; avtobus sayının əvvəlki kimi 13 ədədə çatdırılması və hərəkət intervalının təxminən 12 dəqiqəlik qrafikə qaytarılması; yanacaq doldurma və digər texniki səbəblərdən yaranan uzun fasilələrin qarşısının alınması; sərnişin sıxlığını azaltmaq üçün xəttə daha tutumlu və rahat avtobusların buraxılması istənilir, xahiş olunur.
Türkan sakinləri ümid edirlər ki, aidiyyəti qurumlar məsələyə həssaslıqla yanaşaraq minlərlə sakinin gündəlik gediş-gəliş probleminin həlli üçün operativ addımlar atacaqlar.