Bu ilin sentyabrında Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Hacıbaba Babayev rayonda "təmir və abadlıq" işlərinə start verib. Yeni icra başçısının ilk addımlarından biri isə Gədəbəy şəhərinin mərkəzi prospektinin yenilənməsi olub.
Bizimesr.info-ya daxzil olan məlumata görə, rayon rəhbərliyinin qərarı ilə prospekt boyunca yol kənarındakı istinad divarlarının üzlükləri sökülərək yenilənir, işıq dirəklərinin dəyişdirilməsi və digər abadlıq işləri aparılır. Görünən odur ki, Hacıbaba Babayev şəhərin estetik görkəmini öz istəyinə uyğun olmasını seçib.
Amma bütün bunların fonunda maraqlı sual yaranıb -buna həqiqətən ehtiyac var idimi?
Şəkilin açıqlaması yoxdur.
Sosial şəbəkələrdə sakinlərin paylaşım və şərhlərindən görünür ki, Gədəbəy əhalisinin yeni icra başçısından gözləntiləri bir qədər fərqlidir. Sakinlər hesab edirlər ki, onsuz da normal vəziyyətdə olan mərkəzi prospektin üzlüklərini və işıq dirəklərini dəyişməkdənsə, diqqəti daha ciddi problemlərə yönəltmək lazım idfi.
Xüsusilə kənd yollarının vəziyyəti, infrastruktur çatışmazlıqları və illərdir həllini gözləyən digər problemlər hələ də qalmaqdadır. Onların fikrincə, rayonun abadlaşdırılması yalnız mərkəzi küçələrin gözəlləşdirilməsi ilə ölçülməməlidir.
Hacıbaba Babayev bundan əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. Onun Binəqədidəki fəaliyyəti dövründə də tikinti və abadlıq məsələləri ətrafında müxtəlif müzakirələr aparılıb.Hətta Binəqədi rayonunda qanunsuz tikintilərə nəzarət məsələsində onun adının hallandığı iddia olunurdu.
İndi isə görünür, Gədəbəydə də ilk olaraq eyni yanaşma diqqət çəkir - əsas prospekt səliqəyə salınır, üzlüklər dəyişdirilir, işıq dirəkləri yenilənir. Bəs rayonun kəndləri, ucqar yaşayış məntəqələri, bərbad yolları necə olsun?
Bir taxta-şalban anbarı şəkili ola bilər
Yəqin ki, kəndlərin problemləri mərkəzi prospektdən keçən qonaqların gözünə o qədər də dəymir. Axı rayona gələn qonaqların qarşısına ilk növbədə şəhərin mərkəzi küçələri çıxır. Kəndlərdəki vəziyyəti isə görmək üçün həmin ərazilərə getmək lazımdır. Belə çıxır ki, Gədəbəydə də əsas məsələ rayonun bütün problemlərini həll etməkdən əvvəl onun görünən tərəfini gözəlləşdirməkdir. Binəqədidəki yanaşmanın Gədəbəydə də davam edib-etməyəcəyini isə zaman və görüləcək işlər göstərəcək.
Hacıbaba Babayev hələlik Gədəbəyə çatar-çatmaz abadlıq işlərinə başlayıb. Sakinlərin isə ondan gözləntisi sadədir: təkcə prospektləri deyil, kəndləri də görsün. Çünki rayon yalnız mərkəzi küçədən ibarət deyil.
Bütün bunlar isə daha ciddi bir məsələyə diqqət çəkir: Görünür ki, Hacıbaba Babayevin Gədəbəy rayonunun sistemli inkişafını hədəfləyən konkret fəaliyyət proqramı yoxdur. Çünki rayon idarəçiliyi ayrı-ayrı küçələrin kosmetik təmiri və gözəgəlimli abadlıq işlərindən ibarət olmamalıdır.
İnkişaf sistemli yanaşma, əvvəlcədən müəyyənləşdirilmiş proqram və ardıcıl fəaliyyət tələb edir. Hər bir kəndin problemi ayrıca öyrənilməli, yol, su, işıq, sosial infrastruktur və digər ehtiyaclar kompleks şəkildə həll edilməlidir. Məqsəd sadəcə hansısa ərazinin görünüşünü dəyişmək deyil, bütövlükdə rayonun inkişafına nail olmaq olmalıdır.
Təəssüf ki, bölgələrdə fəaliyyət göstərən bir çox icra başçısının idarəçilik yanaşmasında məhz bu sistemli planlaşdırma və proqramlı inkişaf prinsipləri arxa plana keçir. Rayonun uzunmüddətli inkişaf strategiyası əvəzinə ayrı-ayrı abadlıq layihələri, lokal təmir işləri və rəhbərin şəxsi təşəbbüsləri ön plana çıxır. Belə olduqda isə rayonun problemləri kompleks şəkildə həllini tapmır, idarəçilik daha çox özfəaliyyət təsiri bağışlayır.
Bizimesr.info